“Joğovurd”: Daniel İoannisyan və “Müstəqil Müşahidəçi” Paşinyanın keçmiş arvadına qarşı məhkəməyə müraciət edib

2026/06/1781586678.jpg
Oxunub: 195     09:04     16 İyun 2026    
“Nikol Paşinyanın keçmiş arvadı Anna Hakopyan ilə “Müstəqil Müşahidəçi” alyansının nümayəndəsi Daniel İoannisyan arasında hüquqi mübahisənin məhkəmə baxışı başlayır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Qeyd olunur ki, “Məlumatlı Vətəndaşlar Birliyi”nin koordinatoru, “Müstəqil Müşahidəçi” alyansının nümayəndəsi Daniel İoannisyan və onun təmsil etdiyi alyans Ermənistan İnzibati Məhkəməsinə müraciət edərək “Mənim Addımım” xeyriyyə fondunun icraçı direktoru Anna Hakopyanın 15 müxtəlif epizod üzrə inzibati məsuliyyətə cəlb olunmasını tələb edib.

“Müstəqil Müşahidəçi” fondun fəaliyyəti zamanı qanunvericiliyin ehtimal edilən pozuntularını aşkarladığını bəyan edib. Buna cavab olaraq Anna Hakopyan fondun Ermənistanın heç bir qanununu pozmadığını bildirib və vəkillər qrupuna Daniel İoannisyan barəsində cinayət işinin başlanması məqsədilə əks hüquqi addımlar atmağı tapşırıb.

2026-cı il iyunun 11-də məlum olub ki, “Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi” ictimai təşkilatının, “Məlumatlı Vətəndaşlar Birliyi” məsləhətçi ictimai təşkilatının və “Birbaşa Demokratiya” Xalq İnstitutlarının Gücləndirilməsi ictimai təşkilatının nümayəndəsi Anahit Mkrtçyan 2026-cı il iyunun 2-də İnzibati Məhkəməyə iddia ərizəsi təqdim edib”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, iddia ərizəsində “Mənim Addımım” xeyriyyə fondunun icraçı direktoru Anna Hakopyanın Ermənistan İnzibati Xətalar Məcəlləsinin 40.16-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əmələ görə inzibati məsuliyyətə cəlb olunması tələb edilir.

“Söhbət 2026-cı il martın 29-da qeydə alınmış epizoddan gedir. Həmin epizoda əsasən fond martın 20-də 29 benefisiar yeni yaradılmış ailəyə öz bizneslərini qurmaq və ya inkişaf etdirmək məqsədilə 1 milyondan 2 milyon drama qədər qrant təqdim edib. İddiaçı tərəf Anna Akopyanın minimum əməkhaqqının 400 misli həcmində cərimələnməsini tələb edir.

Ermənistan İnzibati Məhkəməsinin hakimi Ağasi Darbinyan qeyd olunan ictimai təşkilatların Anna Hakopyana qarşı inzibati məsuliyyətə cəlb edilmə tələbi ilə təqdim etdikləri iddia ərizəsini icraata qəbul edib. İlkin məhkəmə iclası 2026-cı il noyabrın 2-nə saat 12:50-yə Ermənistan İnzibati Məhkəməsinin İrəvan qərargahında təyin olunub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakopyan  


Bizi "telegram"da izləyin