Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, qısamüddətli perspektivdə dünya üzrə neft istehlakı azalır. ABŞ Enerji İnformasiyası Administrasiyası bu il tələbatın gündəlik 1,1 milyon barel azalacağını, gələn il isə yenidən artacağını proqnozlaşdırır.
Qurum bunu yanacağın yüksək qiymətləri, məhdud əlçatanlığı və dövlətlərin istehlakı azaltmaq üçün gördüyü tədbirlərlə əlaqələndirir.
Eyni zamanda ABŞ-də neft hasilatının artacağı gözlənilir. Proqnozlara əsasən, gələn il hasilat gündəlik təxminən 14,2 milyon barelə çatacaq ki, bu da əvvəlki qiymətləndirmələrdən yüksək göstəricidir.
Böhran fonunda kömürlə işləyən elektrik istehsalının da gücləndiyi bildirilir. “Rystad Energy” şirkətinin məlumatına görə, Qətərdən mayeləşdirilmiş təbii qaz tədarükündə problemlər və qiymət artımı səbəbindən Asiya-Sakit okean regionunda kömür istehlakının qısamüddətli artımı gözlənilir.
Bu isə enerji balansında ən yüksək karbon emissiyasına malik yanacağın payının artmasına gətirib çıxarır.
Bununla yanaşı, “Axios”un məlumatına görə, BMT-nin Bonnda keçirilən iqlim danışıqlarında enerji böhranı təmiz enerjiyə keçidin sürətləndirilməsi üçün arqument kimi istifadə olunur.
COP31 sammitinə hazırlıq çərçivəsində qlobal enerji istehlakında elektrik enerjisinin payının artırılması təşəbbüsləri də müzakirə edilir.
Beləliklə, İran ətrafındakı münaqişə bir tərəfdən neftə tələbatı azaldır, digər tərəfdən bəzi regionlarda kömür istifadəsini artırır və bərpa olunan enerji mənbələrinə keçidlə bağlı siyasi müzakirələri sürətləndirir.
Sevinc Əliyeva
Ordu.az