Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasının iyunun 5-də keçirdiyi yekun mitinqə inzibati resurslar səfərbər olunub və dövlət qulluqçularına Respublika Meydanında təşkil edilən tədbirdə istisnasız iştirak etmələri barədə göstəriş verilib.
“İştirakçılara tədbiri vaxtından əvvəl tərk etməmələri barədə xəbərdarlıq olunub, hətta bunun üçün xüsusi nəzarətçilər təyin edilərək iştirakçıların siyahılarının yoxlanacağı qeyd edilib. Son günlər həmin nəzarətçilər mitinqdə iştirak etməyən və ya tədbiri erkən tərk edən əməkdaşlardan izahat tələb edirlər”, - deyə nəşr qeyd edib.
Həmçinin hakimiyyətə yaxın və müxalif mövqeli şəxslərin siyahılarının hazırlandığı, gələcəkdə onlara qarşı müxtəlif tədbirlərin görülməsinin planlaşdırıldığı bildirilir.
Qeyd olunur ki, bəzi hallarda əməkdaşların işdən çıxmaq barədə ərizə yazmağa məcbur edilməsi, digər hallarda isə mükafatların verilməməsi yolu ilə cəzalandırılması nəzərdə tutulur. Bununla belə, nəşr hesab edir ki, əməkdaşlar hüquqlarını müdafiə etsələr, bu cür addımların həyata keçirilməsi çətin olacaq.
Alpər Mövludoğlu
Ordu.az