S400 ov tüfəngi xüsusiyyətləri ilə mövcud qaz sistemli tüfənglərdən fərqlənir - VİDEO
Oxunub: 260
00:21
11 İyun 2026
Burdurda yerləşən “Özkanlar Silah” şirkəti “Prohunt” sərgisində ilk dəfə nümayiş etdirdiyi yeni qaz operatörlü S400 ov tüfəngi ilə ziyarətçilərin diqqətini cəlb edib.
Ordu.az xəbər verir ki, şirkətin baş direktoru Zafer Özkan “Defensehere”a verdiyi açıqlamada S400 modelinin həm mexaniki quruluşu, həm də istifadə olunan materiallar baxımından mövcud qaz sistemli tüfənglərdən fərqləndiyini bildirib.
Zafer Özkan tüfəngin ən diqqətçəkən xüsusiyyətlərindən biri olan qundaq yastığı barədə məlumat verərək qeyd edib ki, amortizatorlu quruluşa malik qundaq istifadəçinin istəyinə uyğun olaraq iki santimetrədək uzadıla və ya qısaldıla bilir.
O, həmçinin S400-də fırlanan başlıqlı kilidləmə sisteminə malik mexanizmin tətbiq olunduğunu bildirib. Özkan vurğulayıb ki, bu sistem ənənəvi qaz sistemli tüfənglərdə istifadə edilən kilidləmə quruluşlarından fərqli şəkildə hazırlanıb.
Şirkət rəhbərinin sözlərinə görə, tüfəngdə plastik hissələr əvəzinə daha dayanıqlı materiallardan istifadə olunub. Bəzi modellərdə isə həqiqi qızıl örtüklü naxış və bəzək elementlərinə yer verilib.
Özkan sarı rəngli naxış və dekorativ hissələrdə həqiqi qızıldan istifadə edildiyini, lakin tətiyin qızıl örtüklü olmadığını qeyd edib. Məlumata görə, 3+1 patron tutumuna malik S400 71, 66 və 61 santimetrlik lülə variantları ilə təklif olunur. Məhsul çeşidinə yüksək ventilyasiya zolaqlı və slug tipli lülə variantları da daxildir.
Silahın qaz porşenində xromlu poladdan istifadə olunması paslanma və korroziyaya qarşı yüksək davamlılıq təmin edir. Qaz boşaltma sistemi isə yüksək çəkili patronlardan yaranan artıq təzyiqi xaricə ötürərək sistemin balanslı işləməsinə kömək edir.
S400 heç bir porşen dəyişikliyinə ehtiyac olmadan 21 qramdan 56 qrama qədər müxtəlif çəkili sursatlardan problemsiz istifadə edə bilir. Bu xüsusiyyət sayəsində bir çox qaz sistemli tüfənglərdə yüksək və aşağı çəkili patronlar üçün fərqli porşen istifadəsi zərurəti aradan qalxır.