Türkiyənin xarici işlər naziri ölkəsinin Avropa İttifaqına üzvlüyünün strateji prioritet olduğunu bəyan edib

2024/07/1720975084.jpg
Oxunub: 199     19:51     10 İyun 2026    
Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olması ölkənin əsas strateji prioritetlərindən biri olaraq qalır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstan Teleqraf Agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ankara Avropaya inteqrasiya prosesi çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır və Brüsseldən də müvafiq siyasi iradə gözləyir.

Fidan qeyd edib ki, Avropa İttifaqına tamhüquqlu üzvlük Ankarada uzunmüddətli məqsəd kimi qiymətləndirilir və bu prosesin dəyərləndirilməsi qısamüddətli siyasi amillərdən asılı olmamalıdır.

Nazir xatırladıb ki, 1963-cü il Assosiasiya Sazişindən başlayaraq, 1996-cı ildən Gömrük Birliyində iştiraka qədər Türkiyə ilə Avropa qurumları arasında əməkdaşlığın uzun tarixi var.

“Avropa İttifaqı ölkənin ən böyük ticarət tərəfdaşı olaraq qalır. Tərəflər arasında ticarət dövriyyəsi 2025-ci ildə təxminən 233 milyard dollara çatıb ki, bu da iqtisadi qarşılıqlı asılılığın yüksək səviyyəsini təsdiqləyir”, - deyə o bildirib.

Fidan qeyd edib ki, Türkiyə Avropa İttifaqı ilə münasibətlərin qarşılıqlı fayda və dialoq əsasında inkişaf etdirilməsinin tərəfdarıdır. O hesab edir ki, Gömrük Birliyinin modernləşdirilməsi və viza liberallaşdırılması üzrə danışıqların irəlilədilməsi Avropaya inteqrasiya prosesinə yeni təkan verə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə    


Bizi "telegram"da izləyin