“Al Hadath”: Qəzza ilə bağlı danışıqlarda hərbi əməliyyatların qısamüddətli dayandırılması müzakirə olunur

2026/05/1780154856.jpg
Oxunub: 186     00:10     11 İyun 2026    
Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı aparılan danışıqlarda İsrailin hərbi əməliyyatları 48 saata qədər dayandırmasının mümkünlüyü müzakirə edilir.

Ordu.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, məsələ ilə bağlı ilkin razılıq Qahirədə keçirilən məsləhətləşmələrin son mərhələsində əldə olunub.

Qeyd edilir ki, danışıqlar iştirakçıları anklavda atəşkəs razılaşmasının ikinci mərhələsinin müzakirəsinə hazırlığın davam etdirilməsi barədə də razılığa gəliblər.

Bununla yanaşı, Misir rəsmiləri və Fələstin qruplaşmalarının nümayəndələri bu məlumatı hələ təsdiqləməyib və şərh verməyiblər.

Qahirədə danışıqlar iyunun 7-dən etibarən Misir, Qətər, Türkiyə və bir sıra Fələstin hərəkatlarının vasitəçilərinin iştirakı ilə davam edir.

Daha əvvəl beynəlxalq vasitəçilərin dəstəyi ilə əldə olunmuş daha geniş razılaşmalar çərçivəsində tərəflər atəşkəsin birinci mərhələsi və İsrail qoşunlarının qismən “sarı xətt” adlandırılan mövqelərə çəkilməsi barədə razılığa gəlmişdilər. Lakin razılaşmanın növbəti mərhələsinin həyata keçirilməsi hələ də dalana dirənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin