Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Quterreşin sözlərinə görə, hazırkı nisbi sakitlik dövrü vaxtaşırı zorakılıq hadisələri və sərt hərbi ritorika ilə müşayiət olunur ki, bu da bölgədə gərginliyin real şəkildə azaldığını söyləməyə imkan vermir.
O vurğulayıb ki, davam edən gərginlik nəticəsində mülki əhali zərər görür, regionun bir sıra ölkələrində mülki infrastruktur obyektləri hücumlara məruz qalır.
BMT Baş katibi xüsusilə Hörmüz boğazında beynəlxalq gəmiçiliyə qarşı yaranan təhlükələrə diqqət çəkib. Onun sözlərinə görə, bu bölgədə mövcud məhdudiyyətlər və risklər artıq qlobal iqtisadiyyata təsir göstərir, enerji daşıyıcılarının qiymətlərinin artmasına və təchizat zəncirlərində problemlərin yaranmasına səbəb olur.
Quterreş bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və uzunmüddətli siyasi həllə nail olmaq üçün səyləri artırmağa çağırıb.
Xatırladaq ki, daha əvvəl bölgədə gərginliyin artması fonunda ABŞ və İran qüvvələri arasında qarşılıqlı zərbələrin endirildiyi, o cümlədən Hörmüz boğazı ətrafında baş verən hadisələrdən sonra hərbi obyektlərin vurulduğu barədə məlumatlar yayılmışdı.
Sevinc Əliyeva
Ordu.az