Ordu.az xəbər verir ki, müvafiq bəyanat Manamada təşkilatın Nazirlər Şurasının iclasının yekunları üzrə qəbul edilib.
Sənəddə qeyd olunur ki, Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət Tehranın hərəkətlərini pisləməli, region dövlətlərinin suverenliyinə hörmət edilməsini və beynəlxalq təhlükəsizliyin qorunmasını təmin etməlidir.
Fars körfəzi ölkələrinin xarici işlər nazirləri son hücumlara və onların regional sabitlik, beynəlxalq gəmiçilik və enerji daşıyıcılarının tədarükü üçün nəticələrinə görə bütün məsuliyyəti İranın üzərinə qoyublar.
Bəyanatda həmçinin Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrə, onların maraqlarına və vətəndaşlarına qarşı yönəlmiş istənilən hərəkətin dərhal dayandırılması tələbi yer alıb.
Gərginliyin artması ABŞ-nin İran ərazisinə zərbələr endirməsindən sonra baş verib. Vaşinqton bu hücumların Amerika hərbi helikopterinin məhv edilməsinə cavab olduğunu bildirib.
Daha sonra İran Bəhreyn, İordaniya və Küveytdə yerləşən Amerika hərbi obyektlərinə hücum edib. ABŞ Prezidenti Donald Tramp isə İran infrastrukturuna yeni zərbələr endirməklə hədələyib.
Şuranın bəyanatı münaqişənin daha da genişlənməsi riski səbəbindən Fars körfəzi ərəb monarxiyalarının artan narahatlığını əks etdirir. Bu vəziyyət artıq regionun təhlükəsizliyinə və beynəlxalq nəqliyyat marşrutlarına təsir göstərir.
Sevinc Əliyeva
Ordu.az