Ordu.az xəbər verir ki, şirkətin məlumatına görə, investisiya LTAMDS (Lower Tier Air and Missile Defense Sensor) radar sisteminin sınaq fəaliyyətlərini sürətləndirəcək, həmçinin “Patriot” GEM-T raketinin alt komponentlərinin istehsal gücünü artıracaq.
“Raytheon” bildirib ki, genişləndirmə işləri ABŞ və xarici müştərilər üçün hava və raket müdafiə sistemlərinin daha sürətli təhvil verilməsinə imkan yaradacaq.
“Raytheon”un Quru və Hava Müdafiə Sistemləri bölməsinin rəhbəri Tom Laliberti qeyd edib ki, bu investisiya şirkətin dünya üzrə müştərilərinə kritik hava və raket müdafiə imkanları təqdim etmə qabiliyyətini gücləndirəcək.
Onun sözlərinə görə, Portsmutdakı genişləndirmə sayəsində istehsal həcmi artırılacaq, LTAMDS sınaqları yeni mərhələyə keçəcək və ABŞ ordusunun, eləcə də beynəlxalq tərəfdaşların ehtiyac duyduğu sistemlər daha qısa müddətdə təhvil veriləcək.
Yeni investisiya qərarı “Raytheon”un təxminən səkkiz ay əvvəl Massaçusets ştatının Andover şəhərində yerləşən radar istehsalı müəssisəsi üçün başladığı 53 milyon dollarlıq genişləndirmə layihəsindən sonra verilib.
LTAMDS xüsusilə hipersəs silahları da daxil olmaqla qabaqcıl hava təhdidlərinə qarşı hazırlanmış yeni nəsil radar sistemi hesab olunur.
Hazırda “Raytheon” ABŞ ordusu və Polşa üçün çoxsaylı LTAMDS radarları istehsal edir. Proqram yaxın vaxtlarda doqquzuncu uğurlu uçuş sınağını tamamlayıb.
Portsmut investisiyasının digər əsas istiqaməti “Patriot” GEM-T raketlərinin istehsal gücünün artırılmasıdır. “Patriot Advanced Capability-2 Guidance Enhanced Missile-Tactical” (GEM-T) müxtəlif hava təhdidlərini, o cümlədən taktiki ballistik raketləri məhv etmək üçün hazırlanıb.
Mütəxəssislər hesab edirlər ki, Avropa, Yaxın Şərq və Asiyada hava müdafiəsinə tələbatın artması “Patriot” sistemlərinə qlobal marağı yüksəldib və bu da radarlarla raket istehsalının genişləndirilməsini strateji prioritetə çevirib.
Sevinc Əliyeva
Ordu.az