Rusiya süni zəka dəstəkli PUA-larla mübarizə üçün Birinci Dünya müharibəsinin “dazzle” kamuflyajına üz tutur

2026/06/Ekran-1781070760.jpg
Oxunub: 592     09:54     10 İyun 2026    
Rusiya Ukraynanın süni zəka dəstəkli Pilotsuz Uçuş Aparatlarını (PUA) çaşdırmaq və onların hücumundan yayınmaq üçün yük maşınlarını zebra zolaqlarına bənzər naxışlarla boyayıb. Təəccüblüdür ki, bu üsul hələlik müəyyən nəticə verir.

Rusiya qüvvələri logistik təyinatlı yük maşınlarını. əsasən “Ural” və KAMAZ markalı nəqliyyat vasitələrini qara və ağ rənglərin qarışığından ibarət, gözəçarpan spiralvari həndəsi naxışlarla boyamağa başlayıb. “Zebra” adlandırılan bu naxışlar avtomobilin bütün hissələrini, o cümlədən təkərləri də əhatə edir.

Beləliklə, köhnə üsul yenidən gündəmə qayıdır. Çünki bu kamuflyaj növünün tarixi Birinci Dünya müharibəsinə gedib çıxır. Həmin dövrdə o, “dazzle” kamuflyajı adı ilə tanınırdı.

“Dazzle” kamuflyajı nə idi?

Birinci Dünya müharibəsi zamanı Almaniya İmperator Donanması Böyük Britaniyanın Kral Donanması ilə müqayisədə ciddi üstünlükdən məhrum idi. Almaniya müttəfiq donanmalarını açıq dəniz döyüşündə məğlub edə bilmədiyi üçün “U-bot” adlanan ilk sualtı qayıqları inkişaf etdirdi. Bu sualtı qayıqlar Almaniyaya qarşı tətbiq olunan Britaniya blokadasını yararaq Atlantik okeanında Britaniya gəmiçiliyinə ciddi zərbələr endirmək üçün nəzərdə tutulmuşdu.

Hərəkətdə olan düşmən gəmisini torpedo ilə vurmaq sualtı qayıqlar üçün həmişə asan olmurdu. Hədəfi vurmaq üçün sualtı qayığın atıcısı bir sıra məlumatları bilməli idi: gəminin məsafəsini, sürətini və hərəkət istiqamətini. Bu məlumatları müəyyən etmək üçün ekipajlar gəminin quruluşuna, xüsusilə dirəklərinin yerləşməsinə və aralarındakı məsafəyə diqqət yetirirdilər.

“Dazzle” kamuflyajının məqsədi gəmini gizlətmək deyildi. Məqsəd bu məlumatların müəyyən edilməsini xeyli çətinləşdirmək idi. Müttəfiqlərin döyüş gəmiləri qəribə həndəsi naxışlarla boyanırdı ki, bu da alman sualtı qayıqlarının ekipajlarını çaşdırır, gəminin sürətini və kursunu düzgün qiymətləndirmələrinə mane olurdu. Nəticədə torpedonun dəqiq istiqamətləndirilməsi çətinləşirdi.

Birinci Dünya müharibəsi dövründə istifadə olunan “dazzle” kamuflyajının məqsədi uzaq məsafədən gəmini gizlətmək deyil, onun hərəkət istiqamətini müəyyən etməyi və dəqiq nişan almağı çətinləşdirmək idi.

Bu kamuflyajın nə dərəcədə uğurlu olduğu tam məlum deyil. Həmin dövrdə müşahidəçilər qeyd edirdilər ki, gəminin sualtı qayığın hücumundan yayına bilməsi bir çox amillərdən asılı idi və onların əksəriyyəti ekipaj üçün dərhal görünən olmurdu. İkinci Dünya Müharibəsinə gəldikdə isə, təkmilləşdirilmiş məsafəölçənlərin və radarın meydana çıxması “dazzle” kamuflyajını böyük ölçüdə əhəmiyyətsiz etdi. Bununla belə, o, sonrakı dövrlərdə də ara-sıra istifadə olunurdu.

Bu günlə o dövr arasındakı əsas fərq ondan ibarətdir ki, müasir “dazzle” kamuflyajı insan gözünü deyil, süni zəkanı çaşdırmaq üçün nəzərdə tutulub.

Ukrayna PUA-larının süni zəkası yük maşını görməyə öyrəşib, müasir incəsənət əsəri yox

Artıq beşinci ilinə daxil olan Ukrayna müharibəsində Ukrayna Silahlı Qüvvələri maşın görmə proqram təminatı ilə təchiz edilmiş süni zəka dəstəkli PUA-lardan getdikcə daha çox istifadə edir. Bu sistemlər müxtəlif nəqliyyat vasitələrini tanıyır, yük maşınlarını tanklardan ayırd edir və hərəkətdə olan hədəfləri izləyir.

Ən vacib məqamlardan biri odur ki, süni zəka sayəsində bu sistemlərin daimi insan nəzarətinə ehtiyacı yoxdur. Onlar müəyyən tapşırıqları müstəqil yerinə yetirə və radioelektron mübarizə təsirlərinə baxmayaraq missiyanı davam etdirə bilirlər.

Süni zəka proqramlaşdırılması zamanı yük maşınının necə görünməli olduğunu öyrənir və əldə etdiyi məlumatları operatora ötürür. Son hücum qərarını isə operator verir. Lakin yük maşınının görünüşü dəyişdirilərsə, məsələn, “dazzle” kamuflyajı tətbiq olunarsa, proqram təminatı onu düzgün təsnif edə bilmir. Hətta bəzi hallarda hücum qərarının verilməsi üçün lazım olan etibarlılıq səviyyəsinə belə çatmır. Məqsəd də məhz budur.

Döyüş meydanında qabaqcıl süni zəka sistemlərinin sürətlə yayılması müdafiə olunan tərəfləri yeni həllər axtarmağa vadar edir. Bu həllərin bəziləri isə bir əsrdən artıq əvvəlki dünya müharibəsinə qədər uzanır.

“Dazzle” kamuflyajı Rusiya üçün hələlik effektlidir

Milyonlarla dollar dəyərində olan əsas sual bu üsulun işləyib-işləməyəcəyi deyil. O artıq müəyyən nəticə verib. Əsl sual odur ki, bu kamuflyaj getdikcə daha mürəkkəbləşən düşmən süni zəka hədəfləmə sistemlərinə qarşı nə qədər müddət effektiv qala biləcək.

“The War Zone” nəşrinin məlumatına görə, zebra naxışlı bu kamuflyaj Ukrayna PUA-larının axtarış mərhələsində istifadə etdiyi tam avtomatlaşdırılmış süni zəka hədəf tanıma proqramlarına qarşı faydalı ola bilər. Lakin insan operator onu gördüyü anda effektivliyi əhəmiyyətli dərəcədə azalır.

Bundan əlavə, bu üsulun ciddi çatışmazlığı da var. Parlaq və diqqətçəkən zebra naxışları yük maşınını adi yaşıl rəngli hərbi nəqliyyat vasitələri ilə müqayisədə insan gözü üçün daha görünən edir.

Rusiya üsulunun qarşılaşdığı bir neçə problem var. Birincisi, termal kameralar boyaya əhəmiyyət vermir. Müasir hücum PUA-larının bir çoxu infraqırmızı sensorlardan istifadə edir və yük maşınının isti mühərriki üzərində hansı rəngin olmasından asılı olmayaraq eyni şəkildə görünür.

İkincisi, süni zəkanı yenidən öyrətmək mümkündür. Ukraynalı tərtibatçılar kifayət qədər zebra naxışlı yük maşını görüntüsü toplaya bilsələr, alqoritmi sadəcə yeniləyərək onları Rusiya hərbi hədəfi kimi tanıda bilərlər.

Üçüncüsü, xoşbəxtlikdən, insan hələ də qərarvermə prosesində iştirak edir. Bir çox PUA sistemi tam avtomatik deyil və son hücum qərarını insan operator verir. Əgər Ukrayna operatoru cəbhəyə doğru hərəkət edən zebra naxışlı hərbi yük maşınını görərsə, kamuflyajın heç bir əhəmiyyəti qalmayacaq.

“Zebra” kamuflyajının XXI əsr döyüş meydanında gələcəyi varmı?

Bir əsrdən artıq müddət ərzində ordular insan gözü, optik məsafəölçənlər, radarlar və infraqırmızı sensorlar tərəfindən aşkarlanmaqdan narahat idi. İndi isə onlar neyron şəbəkələr tərəfindən aşkarlanma ehtimalını da nəzərə almalıdırlar.

Müasir döyüş meydanı getdikcə süni zəkanın aldatma metodları ilə süni zəkanın hədəf tanıma imkanları arasında rəqabət meydanına çevrilir.

Rusiyanın “dazzle” yük maşınları mürəkkəb alqoritmik müharibəyə qarşı ucuz müdafiə cəhdidir. Moskva milyonlarla dollar dəyərində radioelektron mübarizə sistemlərinə vəsait xərcləmək əvəzinə, boya sxemləri ilə təcrübələr aparır. Bu yanaşmanın nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.

Süni zəka imkanlarına malik PUA-lar geniş ərazilərdə hədəfləri müstəqil şəkildə axtarmaq qabiliyyətini getdikcə artırır. Rusiya bu qabaqcıl sistemləri aldatmaq üçün sadə hiyləyə əl atır. Bu isə Ukrayna PUA-larının Rusiya ordusunun arxa cəbhə logistikası üçün real və artan təhlükəyə çevrildiyini göstərir.

Ukraynadakı müharibə getdikcə daha aydın şəkildə nümayiş etdirir ki, gələcəyin döyüş meydanında bahalı hərbi texnikanı ovlayan ucuz avtonom sistemlər üstünlük qazanacaq. Rusiyanın zebra naxışlı yük maşınları da kamuflyajın artıq insanları deyil, maşınları aldatmaq üçün hazırlandığı yeni dövrün əlamətlərindən biridir. Əslində bu, kompüter sistemlərinə qarşı yönəlmiş ucuz gizlənmə və aldatma taktikasıdır.

Bu üsul Ukraynada süni zəka dəstəkli PUA-ların təhdidi altında olan Rusiya qüvvələrinə qısamüddətli üstünlük qazandıra bilər. Lakin onun uzun müddət effektiv qalacağı inandırıcı görünmür. Bununla belə, bu nümunə müasir müharibədə hər şeyin döyüş meydanında PUA-ların artan mürəkkəbliyi, geniş yayılması və imkanları ilə hesablaşmaq zərurətinə tabe olduğunu bir daha göstərir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin