Ordu.az xəbər verir ki, o, iyunun 10-da “hayeli.am”a müsahibəsində erməni iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi müxalif blokun parlamentdəki yerlərindən imtina etməməli olduğunu deyib.
“Mən Samvel Karapetyanın siyasi qüvvəsinin planlarını, qətiyyətini və ya nəyə hazırlaşdığını bilmirəm. Lakin hər halda demokratiya naminə atılacaq istənilən addımı dəstəkləyəcəyik. Çünki hazırda əsas vəzifə bu təkhakimiyyətliliyi dayandırmaqdır”, - deyə Zurabyan bildirib.
O vurğulayıb ki, guya Nikol Paşinyan hakimiyyətini legitimləşdirməmək üçün mandatlardan imtina edilməli olduğu barədə çağırışlar tamamilə absurddur və yalnız hakim komandanın maraqlarına xidmət edir.
Zurabyanın sözlərinə görə, mandat siyasi arsenalda ən güclü legitim vasitələrdən biridir və ondan imtina etmək Paşinyana parlamentdə tam inhisar qazandıracaq, nəticədə o, istənilən qərarı təkbaşına qəbul edə biləcək.
Müxalif erməni siyasətçi mənfi nümunə kimi Gürcüstan təcrübəsini göstərib. Onun sözlərinə görə, orada müxalifət vaxtilə parlament iclaslarını boykot edərək küçə mübarizəsinə üstünlük verib və bu, hakimiyyətə etirazları rahatlıqla boğmağa imkan yaradıb.
“Əgər sən bu saxtalaşdırılmış parlamentdə mandat əldə etmisənsə və o, siyasi fəaliyyətini irəli aparmağa kömək edə bilərsə, həmin mandatı götürmək və ondan istifadə etmək borcundasan”, - deyə Zurabyan Samvel Karapetyanın blokuna və Ermənistanın sabiq prezidenti Robert Köçəryanın komandasına müraciət edib.
O qeyd edib ki, müxalifətə səs vermiş yüz minlərlə seçicinin səsini sadəcə olaraq kənara atmaq olmaz.
Zurabyan hesab edir ki, parlament tribunası küçə mübarizəsini dəfələrlə gücləndirməyə imkan verəcək. Onun fikrincə, bu tribunadan Paşinyanın legitimliyini açıq şəkildə tənqid etmək, növbədənkənar seçkilərin keçirilməsi tələbini səsləndirmək və bu gündəliyi beynəlxalq platformalarda irəli sürmək mümkündür.
“Erməni Milli Konqresi” sədrinin müavini xatırladıb ki, hətta burjua parlamentarizmini sevməyən Lenin belə parlament tribunasından təbliğat vasitəsi kimi istifadə etməyə çağırırdı.
Zurabyan sonda bildirib ki, müxalifət parlament daxilində sərt siyasi fəaliyyətdən, fəal küçə aksiyalarından və Konstitusiya Məhkəməsinə birgə genişmiqyaslı müraciətdən ibarət bütün mümkün vasitələrdən istifadə etməlidir. O qeyd edib ki, “Erməni Milli Konqresi” belə təşəbbüsə dərhal qoşulmağa hazırdır.
Alpər Mövludoğlu
Ordu.az