Ermənistan məhsulları hansı ölkələrə ixrac olunur? – Aİ-də gömrük attaşesi təyin edilib

2026/06/1781112856.jpg
Oxunub: 218     21:27     10 İyun 2026    
“Ermənistan Avrasiya İqtisadi Birliyi bazarından imtina etməyi nəzərdən keçirmir və aparılan müzakirələr yalnız xarici ticarətin şaxələndirilməsi ilə bağlıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan hökuməti heç vaxt Avrasiya İqtisadi Birliyi ilə mövcud ticarət rejimindən çıxmaq barədə bəyanat verməyib.

“Belə bir müzakirə yoxdur. Düşünürəm ki, Avrasiya İqtisadi Birliyi bazarından imtina məsələsi gündəmdə deyil və hökumətdə heç kim belə bir bəyanat verməyib. Söhbət yalnız şaxələndirmədən gedir”, - deyə Hakobyan bildirib.

O xatırladıb ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvüdür və birlik çərçivəsində vahid gömrük qaydaları, gömrük rüsumları və ümumi inzibatçılıq prinsipləri tətbiq olunur.

Avropa İttifaqı ilə ticarətdən danışan Hakobyan qeyd edib ki, hazırda Ermənistan məhsulları Avropa bazarına mövcud gömrük rejimi ilə daxil olur.

Onun sözlərinə görə, şaxələndirmə prosesi artıq başlayıb və son dövrlər Avrasiya İqtisadi Birliyi bazarında müəyyən çətinliklərlə üzləşən bəzi məhsullar Avropa İttifaqı ölkələrində yeni satış imkanları tapıb.

Hakobyan bildirib ki, həmin məhsullar eyni partiyalar və eyni həcmdə Avropa bazarlarına ixrac olunur.

O əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyi ilə əvvəlki rejimdə ticarəti davam etdirir və mövcud problemlərin bir hissəsi Rusiya tərəfinin məhsulların keyfiyyəti ilə bağlı iradları ilə əlaqədardır.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri vurğulayıb ki, Ermənistan ixrac coğrafiyasını genişləndirir, hazırda Yunanıstan, Latviya və Niderland yeni istiqamətlər kimi nəzərdən keçirilir, Almaniya və Fransa isə ənənəvi olaraq erməni məhsullarının əsas istehlak bazarları olaraq qalır.

Hakobyan həmçinin hökumətin ixraca dəstək proqramını və bəzi məhsulların Avropa İttifaqı bazarına gömrüksüz çıxışını nəzərdə tutan razılaşmaları xatırladıb.

“Ermənistan Avropa İttifaqında gömrük attaşesi təyin edib. Yeni nümayəndə yaxın vaxtlarda fəaliyyətə başlayacaq və Avropa İttifaqı ilə gömrük prosedurlarında mövcud maneələrin aradan qaldırılması istiqamətində çalışacaq”, - deyə Hakobyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin