Ordu.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı ərəfəsində açıqlama verib.
Nazirin sözlərinə görə, yeddi təyyarədən dördü ehtiyat hissələri üçün istifadə ediləcək, üçü isə Ukrayna Hərbi Hava Qüvvələrinin tərkibində döyüş tapşırıqları yerinə yetirəcək.
“Bu il yeddi F-16 təyyarəsinin təhvilində kömək edəcəyik. Dördü ehtiyat hissələri üçün, üçü isə Ukraynanın Rusiya aqressiyasından müdafiəsi məqsədilə Ukrayna səmasında əməliyyatlar aparmaq üçün istifadə olunacaq”, - deyə Franken bildirib.
Nazir qeyd edib ki, F-16 qırıcıları “Shahed” tipli pilotsuz uçuş aparatlarına və qanadlı raketlərə qarşı effektiv platforma olduğunu sübut edib.
Ötən ay Belçika KİV-ləri ölkənin Müdafiə Nazirliyinin Ukraynaya vəd edilmiş bütün F-16 təyyarələrinin təhvilini 2029-cu ilin sonunadək başa çatdırmağı planlaşdırdığını yazmışdı.
Təhvil prosesinin sürəti Belçikanın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan F-35A qırıcılarını əldə etməsindən asılı olacaq.
İlkin planlara əsasən, 2027-ci ildə Ukraynaya beş, 2028-ci ildə 14, 2029-cu ildə isə daha 27 F-16 qırıcısının təhvil verilməsi nəzərdə tutulur.
Bununla belə, Belçika Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyacları və ölkənin NATO qarşısındakı öhdəlikləri nəzərə alınaraq təhvil tarixləri və təyyarələrin sayı dəyişdirilə bilər.
2025-ci ilin fevralında bildirilmişdi ki, F-35A qırıcılarının çatdırılmasında yaranan gecikmələr səbəbindən Belçika 2025-ci ildə F-16 təyyarələrinin Ukraynaya verilməsinə başlaya bilməyəcək.
2018-ci ildə imzalanmış müqaviləyə əsasən ilk F-35A təyyarələrinin 2023-cü ildə çatdırılması planlaşdırılsa da, onlar yalnız 2025-ci ilin oktyabrında Florenn aviabazasına gətirilib.
Belçika Hərbi Hava Qüvvələrinin təlimatçıları hazırda Rumıniyanın Feteşti aviabazasında yerləşən təlim mərkəzində ukraynalı pilotların hazırlığında da iştirak edirlər.
Sevinc Əliyeva
Ordu.az