Cənubi Koreya donanmasına yeni freqat təhvil verilib

2026/06/Ekran-1781867007.jpg
Oxunub: 203     15:06     19 İyun 2026    
Cənubi Koreya donanması yeni ROKS “Gyeongbuk” freqatını rəsmi olaraq silahlanmaya qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Satınalma Proqramları Agentliyi (DAPA) məlumat yayıb.

Məlumata görə, 3600 tonluq yeni freqat bir sıra uğurlu dəniz sınaqlarından sonra donanmaya təhvil verilib. Təslimetmə mərasimi Seulun təxminən 300 kilometr cənub-şərqində yerləşən Qoseon şəhərindəki SK Oceanplant gəmiqayırma zavodunda keçirilib.

“Yonhap” agentliyinin məlumatına görə, uzunluğu 129 metr olan “Ulsan” sinfinə məxsus freqat 5 düymlük baş artilleriya qurğusu, gəmidən-quruya raketlər, gəmi əleyhinə raketlər və uzaqmənzilli sualtı qayıqlara qarşı müdafiə torpedoları ilə silahlandırılıb.

Gəmi həmçinin hava və suüstü hədəfləri aşkarlayıb izləyə bilən çoxfunksiyalı qabaqcıl radar sistemi ilə təchiz olunub.

Donanma rəsmiləri bildiriblər ki, yeni döyüş gəmisi əməliyyat rayonlarının müşahidəsi və müdafiəsi tapşırıqlarını yerinə yetirəcək və donanmanın əsas zərbə qüvvələrindən biri kimi xidmət göstərəcək.

ROKS “Gyeongbuk” köhnəlmiş freqatların əvəzlənməsi məqsədilə həyata keçirilən “Ulsan” Batch-III proqramının ikinci gəmisidir. Gəmi 2025-ci ilin iyununda suya buraxılmışdı. Yeni freqat aktiv xidmətə başlamazdan əvvəl təxminən altı ay davam edəcək hazırlıq və təlim mərhələsindən keçəcək.

“Naval News” nəşrinin məlumatına görə, Cənubi Koreya donanmasının şəhər və əyalət adlarını döyüş gəmilərinə vermək ənənəsinə uyğun olaraq 2024-cü ilin noyabrında yaradılmış komissiyanın qərarı ilə gəmiyə rəsmi olaraq ROKS “Gyeongbuk” adı verilib.

“Gyeongbuk” adı ilk dəfə 1967-ci ildə ABŞ Donanmasından alınaraq Cənubi Koreya donanmasının xidmətinə daxil edilmiş PG-85 patrul gəmisinə verilmişdi. Bu adı daşıyan ikinci gəmi isə 1986-cı ildə xidmətə qəbul edilmiş FF-956 freqatı olub.

İkinci ROKS “Gyeongbuk” freqatı 2019-cu ildə silahlanmadan çıxarılana qədər 34 il ərzində Cənubi Koreya donanmasının mühüm döyüş gəmilərindən biri kimi fəaliyyət göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Freqat  


Bizi "telegram"da izləyin