Erməni deputat: “Yeni seçkilər keçirilməlidir”

2026/06/1781871343.jpg
Oxunub: 186     16:13     19 İyun 2026    
Ermənistan parlamentinin deputatı Hovik Ağazaryan Mərkəzi Seçki Komissiyasını qanun pozuntusunda ittiham edərək yeni seçkilərin keçirilməsinin zəruri olduğunu bildirib.

Ordu.az xəbər verir ki, o, iyunun 19-da jurnalistlərlə söhbətində parlamentdən kənarda qalan siyasi qüvvə ilə bağlı qərarın ölkədə hakimiyyətin legitimliyi üçün ciddi risklər yaratdığını deyib.

Ağazaryanın sözlərinə görə, Mərkəzi Seçki Komissiyası seçki qanunvericiliyinin pozulmasına yol verərək “Çiçəklənən Ermənistan” partiyasını parlamentdən kənarda saxlayıb.

“Belə bir pozuntunun hansısa ölkədə və ya hansısa dövrdə baş verdiyini eşitməmişəm. Bu isə hakimiyyətin formalaşdırılmasının legitimliyi ilə bağlı ciddi təhlükələr yaradır”, - deyə erməni deputat bildirib.

O qeyd edib ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri qərarı əsaslandırmağa çalışsa da, digər siyasi qüvvələrin hüquqlarının qorunması ilə bağlı səsləndirilən arqumentlər manipulyasiya xarakteri daşıyır.

Erməni deputatın fikrincə, əgər səsvermə zamanı baş vermiş pozuntu və ya səhv seçkilərin yekun nəticəsinə təsir göstərirsə, bu, ciddi hüquqi və siyasi problem hesab olunmalıdır.

“Cəmi 54 səslə bağlı yaranmış vəziyyət parlamentdə mandat bölgüsünə və hakim siyasi qüvvənin üçdəiki çoxluq əldə edib-etməməsinə təsir göstərirsə, məsələyə fərqli yanaşmaq lazım idi”, - deyə o qeyd edib.

Müxalifətin Konstitusiya Məhkəməsinə müraciətini də şərh edən erməni deputat bildirib ki, məhkəmə yeni seçkilərin keçirilməsi barədə qərar qəbul edə bilər.

Onun sözlərinə görə, baş nazir seçkilər zamanı kütləvi şəkildə seçki rüşvətinin paylandığını bəyan edib və hakimiyyət bunun qarşısını ala bilməyib.

Ağazaryan hesab edir ki, bu amillər və “Çiçəklənən Ermənistan” partiyası ilə bağlı yaranmış vəziyyət birlikdə nəzərə alındıqda ya bütün Ermənistan üzrə təkrar səsvermə keçirilməli, ya da yeni parlament seçkiləri təyin olunmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağazaryan  


Bizi "telegram"da izləyin