Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın Kubaya qarşı təzyiqlərinin nəticə verməyə başladığı bildirilir. Ölkə parlamenti 1959-cu il inqilabından bəri sosialist iqtisadiyyatında ən böyük dəyişikliklər hesab edilən radikal iqtisadi islahatlar paketini təsdiqləyib.
“Reuters” qeyd edir ki, bazar iqtisadiyyatına yönəlmiş dəyişikliklərə Kuba Kommunist Partiyası və ölkənin keçmiş lideri Raul Kastro da dəstək verib. ABŞ son vaxtlar Raul Kastronu 1996-cı ildə humanitar yardım daşıyan təyyarələrin vurulması ilə bağlı ittiham edib.
Hazırkı prezident Migel Dias-Kanel səsvermədən əvvəl deputatları Kubanın sosialist keçmişinə sadiq qalmağa çağırsa da, qəbul edilən islahatlar dövlət müəssisələrinin özəl səhmdar şirkətlərə çevrilməsini nəzərdə tutur. Eyni zamanda, daşınmaz əmlak və maliyyə sektorları da özəl biznes üçün açılacaq.
İslahatlar çərçivəsində dövlət mülkiyyətinin həm yerli, həm də xarici hüquqi və fiziki şəxslərə, o cümlədən xaricdə yaşayan kubalılara satılmasına icazə veriləcək.
Baş nazir Manuel Marrero parlamentdə təxminən iki saat davam edən çıxışı zamanı bildirib ki, 175 maddədən ibarət islahat paketi bazarı “resursların səmərəli bölüşdürülməsi aləti” kimi tanıyır.
İndiyədək Kuba Kommunist Partiyası marksist yanaşmaya uyğun olaraq bazar iqtisadiyyatını sosialist quruculuğu ilə uyğun hesab etmirdi. Bununla belə, ölkə rəhbərliyi SSRİ və Çin təcrübəsinə istinad edərək bazar islahatlarının sosializmi zəiflətmək deyil, təkmilləşdirmək məqsədi daşıdığını vurğulayıb.
“Biz sosializmdən imtina etmirik”, - deyə prezident Dias-Kanel bəyan edib.
ABŞ sanksiyalarının Kubaya neft və yanacaq tədarükünü faktiki olaraq dayandırdığını qeyd edən prezident ölkənin tarixi ərzində ən uzunmüddətli iqtisadi blokadalardan biri ilə üzləşdiyini bildirib.
Baş nazir Marrero isə vurğulayıb ki, iqtisadi və sosial modelin yenilənməsində əsas məqsəd Kuba vətəndaşlarının həyat keyfiyyətini yüksəltməkdir.
Məqalədə qeyd olunur ki, ABŞ-nin bu ilin yanvarında başladığı blokadadan əvvəl də Kuba özünün inqilabdan sonrakı tarixinin ən ağır iqtisadi böhranını yaşayırdı. Neft idxalının kəskin azalması iqtisadiyyatın demək olar ki, tam dayanmasına səbəb olub.
Nəticədə ictimai nəqliyyatın böyük hissəsi fəaliyyətini dayandırıb, bir çox insan işə və təhsil müəssisələrinə gedə bilmir. Hətta paytaxt Havana şəhərində belə günün böyük hissəsində elektrik enerjisi verilmir.
Məlumata görə, etiraz aksiyalarına görə həbs olunmaqdan çəkinən vətəndaşlar gecə saatlarında evlərinin açıq pəncərələri önündə qazanları döyərək narazılıqlarını ifadə edirlər.
Sevinc Əliyeva
Ordu.az