Korrupsiya ittihamı ilə həbs edilən erməni siyasi xadim Ermənistan MSK-ya qarşı məhkəmə iddiası qaldırıb

2026/06/1781862174.jpg
Oxunub: 190     13:41     19 İyun 2026    
Həbsdə olan erməni siyasi xadim David Qaziniyan Ermənistan Mərkəzi Seçki Komissiyasının onun barəsində qəbul etdiyi qərarların ləğv olunması tələbi ilə məhkəməyə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb.

Məlumata görə, David Qaziniyan Ermənistan İnzibati Məhkəməsinə Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi təqdim edib. O, 2026-cı il iyunun 17-də qəbul edilmiş və Baş Prokurorluğun təqdimatlarının təmin olunaraq onun barəsində cinayət təqibinə başlanmasına və azadlıqdan məhrum edilməsinə razılıq verilməsini nəzərdə tutan qərarların etibarsız sayılmasını tələb edir.

Hakim Lilit Sadoyanın sədrliyi ilə İnzibati Məhkəmə iddia ərizəsini icraata qəbul edib. Məhkəmə Mərkəzi Seçki Komissiyasından 2026-cı il iyunun 17-də qəbul edilmiş 260-A və 261-A nömrəli qərarların əsasını təşkil edən inzibati icraat materiallarının tam həcmdə təqdim edilməsini, həmçinin həmin tarixdə keçirilmiş növbədənkənar iclasın səs yazılarının məhkəməyə göndərilməsini tələb edib.

Qərarda qeyd olunub ki, tələb edilən sübutlar qərarın əldə olunduğu andan dərhal sonra məhkəməyə təqdim edilməlidir.

İş üzrə Ermənistan Baş Prokurorluğu üçüncü tərəf qismində prosesə cəlb olunub. Məhkəmə hesab edib ki, bu iş üzrə qəbul ediləcək qərar birbaşa və qaçılmaz şəkildə Baş Prokurorluğun hüquq və maraqlarına təsir göstərəcək.

Məhkəmə baxışı 2026-cı il iyunun 22-nə saat 10:30-a təyin edilib.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 17-də qapalı iclas keçirərək David Qaziniyan barəsində cinayət təqibinə başlanılması və onun azadlıqdan məhrum edilməsi ilə bağlı təqdimatları təmin edib.

Qaziniyana qarşı seçki rüşvəti verməyə hazırlıq ittihamı irəli sürülüb. Bildirilir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi hələ iyunun 5-də yaydığı açıqlamada David Qaziniyanın 1,4 milyon dram məbləğində seçki rüşvəti verməsi ilə bağlı iddialardan bəhs edib. Qaziniyan isə müxtəlif müsahibələrində bu ittihamları dəfələrlə təkzib edib.

Diqqət çəkilən digər məqam ondan ibarətdir ki, istintaq orqanı ən azı iyunun 5-dən etibarən iş üzrə səs yazılarını ictimailəşdirib və həmin müddət ərzində David Qaziniyan azadlıqda olub. Buna görə də onun həbs edilməsinin zəruriliyi ilə bağlı suallar yaranıb.

Korrupsiya Məhkəməsi hakim Sarkis Dadoyanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin David Qaziniyanın həbs olunması barədə vəsatətini təmin edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaziniyan   Ermənistan  


Bizi "telegram"da izləyin