Fransada Rumıniyanın sabiq kralının nəvəsinin ekstradisiyasına qərar verilib

2026/06/1781862047.jpg
Oxunub: 185     13:38     19 İyun 2026    
Paris Apellyasiya Məhkəməsi Rumıniyanın keçmiş kralı II Karolun nəvəsi Pavel-Filip Hohensollernin Rumıniyaya ekstradisiya olunmasına qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə “Ştirile ProTV” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məhkəmə qərarı elan edildikdən sonra Fransa hüquq-mühafizə orqanları keçmiş kralın nəvəsini evində tapa bilməyiblər və o, beynəlxalq axtarışa verilən şəxslər siyahısına daxil edilib.

Bildirilib ki, Pavel-Filipin qərardan şikayət verməsi üçün beş gün vaxtı var. Rumıniya Ədliyyə Nazirliyi Paris məhkəməsinin qərarını “Fransa və Rumıniya arasında səmərəli və uğurlu əməkdaşlığın nəticəsi” kimi qiymətləndirib.

“Digi24” telekanalının məlumatına görə, Pavel-Filip 2025-ci ilin aprelində Rumıniya hüquq-mühafizə orqanlarının müraciəti əsasında Fransada saxlanılıb və ev dustaqlığına götürülüb.

Rumıniyada ona qarşı korrupsiya, çirkli pulların yuyulması və əvvəllər kral ailəsinə məxsus olmuş torpaq sahələri ilə bağlı dələduzluq ittihamları irəli sürülüb.

Bu, 77 yaşlı Pavel-Filipin Avropa hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşdüyü ilk hadisə deyil. O, 2024-cü ilin əvvəlində Maltada saxlanılmış və iki ay həbsdə saxlanıldıqdan sonra girov müqabilində azadlığa buraxılmışdı.

“Politico” nəşrinin məlumatına görə, Malta məhkəməsi onun yaşını və “Rumıniya monarxiyasının tarixi ilə bağlı xüsusi statusunu” əsas gətirərək Rumıniyaya ekstradisiya olunmasından imtina etmişdi.

Pavel-Filipin vəkili isə müdafiə etdiyi şəxsə qarşı təqiblərin prezident seçkiləri ərəfəsində siyasi motivlərdən qaynaqlandığını bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rumıniya  


Bizi "telegram"da izləyin