Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ müharibə nazirinin müavini Stiven Faynberq bu həftə keçirdiyi görüşlər zamanı Konqres üzvlərinə əlavə maliyyə vəsaiti tələbi ilə bağlı məlumat verib.
Mənbələr bildiriblər ki, Konqres yeni büdcə qanununu qəbul etməyəcəyi təqdirdə silahlı qüvvələr yay aylarında həyata keçiriləcək əməliyyatların maliyyələşdirilməsi üçün vəsait çatışmazlığı ilə üzləşə bilər.
Bildirilir ki, Pentaqon İranla müharibə ilə bağlı xərclərlə yanaşı digər ehtiyacların qarşılanması üçün də əlavə 80 milyard dollara ehtiyac duyur. Tələb olunan vəsaitin bir hissəsinin gəmi əməliyyatlarına, şəxsi heyətin maaşlarına və sursat təminatına yönəldilməsi nəzərdə tutulur.
Mənbələrin sözlərinə görə, yaxın günlərdə Konqresə həm Pentaqonun, həm də kənd təsərrüfatı və təbii fəlakətlərə yardım kimi müdafiə sahəsindən kənar istiqamətlərin maliyyələşdirilməsi üçün geniş əlavə büdcə paketi təqdim edilə bilər.
Qeyd olunur ki, Pentaqonun əlavə büdcə tələbi Konqresə göndərilməzdən əvvəl Ağ Evin İdarəetmə və Büdcə Ofisinin təsdiqindən keçməlidir.
Məlumatda vurğulanır ki, Pentaqonun 2026-cı maliyyə ili üçün büdcəsi təxminən 1 trilyon dollar həcmində müəyyən edilib. Bununla belə, İranla müharibə də daxil olmaqla müxtəlif əməliyyatlardan yaranan xərclər maliyyə yükünü artırır.
Pentaqon may ayının ortalarında İranla müharibənin xərcini 29 milyard dollar səviyyəsində qiymətləndirmişdi. Lakin hazırda bu rəqəmin daha da yüksəldiyi ehtimal olunur.
Sevinc Əliyeva
Ordu.az