Ordu.az xəbər verir ki, bu sifariş Vaşinqtonun 2025-ci ilin sentyabrında elan etdiyi və “Paladin” sisteminin ən yeni M109A7 konfiqurasiyasının tədarükünü nəzərdə tutan beşillik proqram çərçivəsində verilən ikinci sifarişdir.
Proqram üzrə ilk satınalma 2026-cı ilin yanvarında 473 milyon dollar dəyərində həyata keçirilmişdi.
Məlumata görə, hər iki müqavilə yalnız “Paladin” haubitsalarını deyil, həm də sistemin sursat təchizatı tapşırıqları üçün istifadə olunan M992A3 platformalarını əhatə edir. M992A3 sahə artilleriyasının sursat təminatını həyata keçirən xüsusi təyinatlı variant hesab olunur.
“BAE Systems” şirkətinin Döyüş Tapşırıq Sistemləri üzrə Artilleriya Proqramlarının vitse-prezidenti Den Ferber bildirib ki, M109A7 “Paladin” müasir döyüş meydanında hərbçilərin ehtiyac duyduğu imkanları təqdim edən, özünü sübut etmiş platformadır.
Onun sözlərinə görə, sistem etibarlı fəaliyyəti və güclü sənaye bazası sayəsində bölmələrə ehtiyac duyduqları anda zəruri atəş dəstəyini təmin edir.
M109A7 “Paladin” xüsusilə “vur və mövqe dəyiş” konsepsiyasına uyğun fəaliyyəti ilə seçilir. Sistem hədəfə atəş açdıqdan sonra əks-batareya zərbələrindən yayınmaq məqsədilə bir dəqiqə ərzində atəş mövqeyini tərk edə bilir.
Bu xüsusiyyət platformanın sağqalma imkanlarını və davamlı atəş gücünü artırır.
“Paladin” 155 mm çaplı əsas top və 12,7 mm çaplı pulemyotla silahlandırılıb. Alüminium ərintisindən hazırlanmış zireh isə ekipajın müdafiəsini gücləndirir. Təxminən 6 metr uzunluğa və 38 ton kütləyə malik platforma komandir, tuşlayıcı, doldurucu və sürücüdən ibarət dörd nəfərlik heyət tərəfindən idarə olunur.
675 at gücündə mühərrik və dörd pilləli transmissiya sistemi sayəsində “Paladin” saatda 61 kilometr sürət yığa bilir. Platforma bir dəfə yanacaq doldurmaqla təxminən 299 kilometr məsafə qət etmək imkanına malikdir.
Sevinc Əliyeva
Ordu.az