Paşinyanın komanda yoldaşı: “Ermənistanın yeni Konstitusiyasının qəbulu gündəmdən çıxarılmayacaq”

2026/06/1781871516.jpg
Oxunub: 180     16:16     19 İyun 2026    
“Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı gündəm təxirə salınmayacaq və hakimiyyət bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.

Ordu.az xəbər verir ki, bunu iyunun 19-da parlamentdə keçirilən ənənəvi brifinq zamanı hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan bildirib.

O, konstitusion çoxluq tələb edən təşəbbüslərin dayandırılıb-dayandırılmayacağı və ya hakim qüvvənin onların həyata keçirilməsi üçün alternativ hüquqi mexanizmlər axtarıb-axtarmayacağı ilə bağlı suala cavab verərkən heç bir təşəbbüsün dayandırılmayacağını vurğulayıb.

“Heç nə dayandırılmayacaq. Biz öz gündəliyimizə uyğun şəkildə irəliləməyə davam edəcəyik”, - deyə Hovhannisyan bildirib.

Onun sözlərinə görə, müəyyən çətinliklər yaranıb, lakin hakim siyasi qüvvə proqramında nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi istiqamətində işini davam etdirəcək.

Hovhannisyan qeyd edib ki, yeni Konstitusiyanın qəbulu məsələsi “Vətəndaş Müqaviləsi”nin gündəmində hələ 2019-cu ildən yer alır.

“Biz gündəliyimizdən geri çəkilməyəcəyik və bunun üçün hüquqi həll yolları tapacağıq. Sizi əmin edirəm ki, bunun üçün həm hüquqi, həm də siyasi həll variantları mövcuddur”, - deyə o bildirib.

Erməni fraksiya katibi əlavə edib ki, həmin həll yolları parlamentin yeni tərkibi formalaşdıqdan sonra daha aydın görünəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin