“Fire Point” raket mühərriklərinin istehsalı üçün hazırladığı dəzgahları təqdim edib

2026/06/Ekran-1781553055.jpg
Oxunub: 193     23:46     15 İyun 2026    
Ukraynanın “Fire Point” şirkəti Parisdə keçirilən “Eurosatory” beynəlxalq müdafiə sərgisində raket mühərriklərinin istehsalı üçün hazırladığı dəzgahları nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şirkətin baş konstruktoru və həmtəsisçisi Denis Ştilerman bildirib ki, hazır avadanlıqların alınmasının baha başa gəlməsi və uzun vaxt tələb etməsi səbəbindən komanda öz istehsal avadanlıqlarını hazırlamağa məcbur olub.

Onun sözlərinə görə, FP seriyalı raketlərin istehsalında istifadə olunan dəzgahların 90 faizi Ukrayna istehsalıdır və onların böyük hissəsi şirkət tərəfindən tərəfdaş müəssisələrlə birlikdə hazırlanır.

“Fire Point” sərgidə üç növ avadanlıq təqdim edib: AKIRO/KUROSAVA sarğı dəzgahı, WINDILINE universal dəzgahı və dağıdıcı olmayan yoxlama üçün nəzərdə tutulmuş rentgen sistemi.

AKIRO/KUROSAVA

Bu, kompozit məmulatların hazırlanması üçün xüsusi olaraq yaradılmış sarğı dəzgahıdır. Dəzgah uzunluğu 10 metrə, diametri 1,2 metrə və çəkisi 10 tona qədər olan komponentlərin emalına imkan verir.

Şirkətin məlumatına görə, AKIRO/KUROSAVA dəzgahı FP-5, FP-7 və FP-9 sistemlərinin bütün kompozit hissələrinin istehsalını təmin edir. Sistem mürəkkəb idxal komponentləri olmadan hazırlanıb ki, bu da istehsalın sürətlə genişləndirilməsinə şərait yaradır.

WINDILINE

Yüksək texnologiyalı WINDILINE dəzgahı Ukraynada ağır maşınqayırmanın inkişafı üçün universal platforma kimi nəzərdə tutulub. Avadanlıq sarğı və ya frezləmə başlığı ilə təchiz edilə bilər, həmçinin iri ölçülü hissələrin beş ox üzrə emalını həyata keçirə bilir.

Sistemə robotlaşdırılmış yığım mexanizminin inteqrasiyası da mümkündür. Dəzgah yüksək sürəti dəqiqliklə birləşdirən xətti mühərriklərdən istifadə edir. İş sahəsinin ölçüləri uzunluğu 18 metrə, diametri isə 2,5 metrə qədər olan hissələrin emalına imkan verir.

WINDILINE avadanlığının əsas üstünlükləri yüksək möhkəmlik ehtiyatı, modul konstruksiya və gələcək modernləşdirmə imkanlarıdır.

STJ-CT-6000 3D X-RAY SYSTEM

Bu sistem metaldan, kompozit materiallardan və möhkəmləndirilmiş plastiklərdən hazırlanmış boruvari məmulatların, eləcə də əlavə istehsal texnologiyaları ilə hazırlanan hissələrin 2D və 3D rentgen görüntülənməsi və kompüter tomoqrafiyası üçün nəzərdə tutulub.

Sistem müxtəlif ölçülü məhsulların submillimetr dəqiqliyi ilə yoxlanılmasına imkan verir.

Xatırladaq ki, 2026-cı ilin mayında “Fire Point” şirkətinin Ukraynada ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş FP-7.x önləyici raketinin bütün komponentlərini, yalnız bir hissə istisna olmaqla, yerli imkanlarla istehsal etdiyi bildirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fire-Point   Ukrayna   Raket  


Bizi "telegram"da izləyin