FENRIS kəşfiyyat zirehli maşını tank topu ilə ilk dəfə nümayiş etdirilib

2026/06/Ekran-1781545838.jpg
Oxunub: 219     21:40     15 İyun 2026    
Belçikanın “John Cockerill” şirkəti 105 mm çaplı topla təchiz edilmiş FENRIS kəşfiyyat və döyüş zirehli maşınını təqdim edib.

Ordu.az xəbər verir ki, zirehli maşın Parisdə keçirilən “Eurosatory 2026” beynəlxalq sərgisində nümayiş olunub.

Maşın “John Cockerill” tərəfindən satın alınmış “Arquus” şirkəti tərəfindən hazırlanıb. Zirehli platforma “John Cockerill” şirkətinin istehsalı olan “Cockerill 3105” döyüş qülləsi ilə təchiz edilib.

FENRIS yüngül kəşfiyyat maşınları ilə əsas döyüş tankları arasındakı boşluğu doldurmaq məqsədilə yaradılıb.

26 ton ağırlığında olan platforma 6×4 və ya 6×6 təkər formuluna malik ola bilir. Ekipajı üç nəfərdən ibarətdir.

Zirehli maşın 500 at gücündə mühərrik və avtomatik transmissiya ilə təchiz olunub. İstehsalçıların sözlərinə görə, platforma döyüş şəraitində sınaqdan keçirilib.

Silahlanmaya NATO standartlarına uyğun 105 mm çaplı top və 12 mərmilik avtomatik doldurma sistemi daxildir. Bundan əlavə, iki əlavə sursat dəsti də nəzərdə tutulub.

Əlavə silahlanmaya iki qoşa 7,62 mm pulemyot, panoramik nişangahlar və 360 dərəcə müşahidə imkanı verən xarici kamera sistemi daxildir.

İstehsalçıların konsepsiyasına görə, FENRIS uzaqmənzilli gizli kəşfiyyat, mobil döyüş, birbaşa atəş dəstəyi və kəşfiyyat məlumatlarının toplanması kimi dörd əsas vəzifəni yerinə yetirmək üçün nəzərdə tutulub.

“Cockerill 3105” döyüş qülləsi müasir optik sistemlərlə təchiz olunub. Bu sistemlər gündüz 18 km, gecə isə 15 km məsafədə hədəflərin aşkar edilməsinə imkan verir. Qüllə 25 mm çaplı altkalibr mərmilərə qarşı müdafiə təmin edir.

Qeyd edək ki, ötən il “John Cockerill” şirkəti Ukraynaya yeni “Cockerill 3105” döyüş qülləsi ilə modernləşdirilmiş “Leopard 1” tankı təhvil verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FENRIS   John-Cockerill  


Bizi "telegram"da izləyin