Ordu.az xəbər verir ki, bu barədə Tramp G7 sammiti çərçivəsində Fransanın Evian-le-Ben şəhərində Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra jurnalistlərə açıqlamasında danışıb.
“Biz Livan məsələsi ilə məşğul olub-olmayacağımızı görmək istəyirik. Elə bil ki, bu məsələ heç vaxt bitmir. Bu, İran məsələsində məşğul olduğumuz prosesin daha kiçik variantıdır. Bu, çətin olmamalıdır. Biz “Hizbullah” ilə kiçik bir söhbət aparmalıyıq”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə təfərrüatlar açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ, İran və Pakistanın vasitəçiliyi ilə Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş razılaşmanın əldə olunduğu bildirilmişdi. Sənədin 2026-cı il iyunun 19-u Cenevrədə imzalanacağı gözlənilir.
Məlumata görə, tərəflər İranın nüvə proqramını və hərbi əməliyyatların dayandırılması məsələsini, o cümlədən Livandakı vəziyyəti də müzakirə etməyi planlaşdırırlar.
Bununla yanaşı, İsrail rəsmiləri Cənubi Livandan qüvvələrin çıxarılmasının ABŞ ilə İran arasında əldə olunan razılaşmanın şərtlərinə daxil olmadığını bildirirlər.
Sevinc Əliyeva
Ordu.az