Almaniya Ukrayna təcrübəsinə əsaslanaraq zirehli texnikalarını PUA əleyhinə tor ekranlarla təchiz edir

2026/06/Ekran-1781549464.jpg
Oxunub: 214     22:43     15 İyun 2026    
Litvada daimi dislokasiya olunan Almaniya Silahlı Qüvvələrinin 45-ci Zirehli Briqadası “Fuchs” zirehli transportyorlarını və “Leopard 2” tanklarını improvizə edilmiş Pilotsuz Uçuş Aparatı (PUA) əleyhinə müdafiə vasitələri ilə təchiz edib.

Ordu.az xəbər verir ki, bu barədə fotoqraf Kay Nitfeldin yayımladığı görüntülərdə məlumat verilib.

Məlumata görə, müdafiə vasitələri Belarus sərhədindən təxminən 15 km məsafədə keçirilən “Freedom Shield 2026” təlimləri zamanı ekipajlar tərəfindən hazırlanaraq quraşdırılıb.

Yayımlanan fotolardan görünür ki, Almaniyanın mexanikləşdirilmiş bölmələri Ukraynadakı müharibədən əldə olunan təcrübəni nəzərə alaraq zirehli transportyorların ətrafında müxtəlif istiqamətlərdən gələn PUA hücumlarından qorunmaq üçün iri tor ekranlar quraşdırıblar.

Tank bölmələri isə şassiyə əlavə yük verməmək məqsədilə qüllənin üzərində daha kiçik tor konstruksiyalardan istifadə ediblər.

“Freedom Shield 2026” təlimləri 2026-cı il may ayının sonunda Litvanın Pabrade poliqonunda başlayıb.

Təlimlər gələn il Litvada tam tərkibdə yerləşdirilməsi planlaşdırılan 45-ci Zirehli Briqadanın 122-ci Zirehli Piyada Taboru ilə gücləndirilmiş 203-cü Zirehli Taborunun hazırlığına yönəlib.

Təlimlərdə NATO-nun Litvadakı çoxmillətli döyüş qrupu, Bundesverin digər bölmələrinin hərbçiləri və Litva Quru Qoşunlarının şəxsi heyəti də iştirak edir.

Ümumilikdə təlimlərə 2900 hərbçi, o cümlədən 2300 alman hərbçisi və NATO-nun səkkiz ölkəsindən təxminən 800 hərbi texnika cəlb olunub.

Bu təlimlər briqadanın Litvada yerləşdirilməsindən sonra keçirilən ilk genişmiqyaslı manevrlərdir. Gələcəkdə Almaniya briqadasının NATO-nun şərq cinahında çəkindirmə tədbirlərinin bir hissəsi kimi ildə iki dəfə iri təlimlər keçirməsi planlaşdırılır.

Təlimlər real döyüş şəraitinə yaxın mühitdə keçirilir. Burada PUA-lar, minaatanlar, artilleriya sistemləri, hücum helikopterləri, tanklar, zirehli transportyorlar və piyadaların döyüş maşınlarından istifadə olunur.

“Freedom Shield 2026” bir neçə mərhələdən ibarətdir: qüvvələrin yerdəyişməsi, taktiki hazırlıq və AGDUS sistemi vasitəsilə simulyasiya olunan döyüş ssenariləri əsasında canlı atışlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin