TUSAŞ “Ən Nüfuzlu Şirkətlər 2026” araşdırmasında lider olub

2026/06/Ekran-1781551006.jpg
Oxunub: 244     23:14     15 İyun 2026    
TUSAŞ Türkiyənin ən genişmiqyaslı işəgötürən brendi araşdırmalarından biri hesab olunan “Ən Nüfuzlu Şirkətlər Araşdırması 2026”nın nəticələrinə əsasən universitet tələbələri və gənc peşəkarların qiymətləndirmələrində müdafiə sənayesi sektorunda işləmək üçün ən çox arzulanan şirkət seçilib.

Ordu.az xəbər verir ki, bu il 17-ci dəfə “Realta Danışmanlık” tərəfindən həyata keçirilən araşdırmada 98 mindən çox universitet tələbəsi və təxminən 40 min gənc peşəkar olmaqla ümumilikdə 137 mindən artıq şəxs iştirak edib.

İştirakçılar şirkətləri liderlik anlayışı, karyera imkanları, təhsil və inkişaf imkanları, korporativ mədəniyyət, əməkhaqqı və əlavə sosial təminatlar, eləcə də iş mühiti kimi müxtəlif meyarlar üzrə qiymətləndiriblər.

Araşdırmanın nəticələrinə görə, TUSAŞ ilk dəfə müdafiə sənayesi sektorunda lider mövqeyə yüksələrək uzun illər bu sahədə birinci yerdə olan rəqiblərini geridə qoyub.

Beləliklə, TUSAŞ gənc istedadların karyera hədəflərində ən çox üstünlük verdiyi müdafiə sənayesi şirkəti olub.

Şirkətin əldə etdiyi uğur yalnız sektor reytinqi ilə məhdudlaşmayıb. TUSAŞ bütün sahələri əhatə edən “Türkiyənin Ən Nüfuzlu 200 Şirkəti” siyahısında ötən illə müqayisədə 12 pillə irəliləyərək 6-cı yerə yüksəlib.

Bu nəticə TUSAŞ-ın işəgötürən brendi kimi gücünü və gənc istedadlar arasında cəlbediciliyini bir daha nümayiş etdirib.

Son illərdə milli aviasiya, kosmik və müdafiə texnologiyaları sahəsində həyata keçirdiyi layihələrlə diqqət çəkən TUSAŞ hazırladığı orijinal platformalar və yüksək texnologiyaya əsaslanan iş mühiti sayəsində gənc mühəndislər və peşəkarlar üçün mühüm karyera mərkəzi olmağa davam edir.

Gələcəyin texnologiyalarını inkişaf etdirən TUSAŞ Türkiyənin istedadlı mütəxəssislərini öz sıralarına cəlb etmək istiqamətində fəaliyyətini davam etdirir. Şirkət əldə etdiyi bu uğurla gənc istedadların karyera yolunda ilk seçim etdiyi qurumlardan biri olmaq vizyonunu daha da gücləndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Türkiyə  


Bizi "telegram"da izləyin