Ordu.az xəbər verir ki, sistem Ukraynanın dövlət müdafiə ixracatçısı SPETSTECHNOEXPORT-un stendində İnnovativ Texnologiyalar Proqramı Mərkəzi tərəfindən təqdim olunub.
DRAGON sistemi infraqırmızı axtarış başlığı ilə təchiz edilmiş üç ədəd “hava-hava” raketi ilə silahlandırılıb.
Hazırda sistem aşağıdakı raketlərdən istifadə edə bilir:
R-60 (“AA-8 Aphid”) - 5 km-dək məhvetmə məsafəsi,
R-73 (“AA-11 Archer”) - 10-15 km məhvetmə məsafəsi,
AIM-9M “Sidewinder” - 8-10 km məhvetmə məsafəsi.
Bundan əlavə, AIM-9X “Sidewinder” raketinin inteqrasiyası üzərində də iş aparılır.
AIM-9X “Sidewinder Block II” “Sidewinder” ailəsinin ən qabaqcıl yaxınmənzilli “hava-hava” raketi hesab olunur.
Kompleks 15 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilə bilir. Sistem aktiv rejimdə 8 saata qədər fəaliyyət göstərə və ya 14 günə qədər gözləmə rejimində qala bilir.
DRAGON kabel rabitəsi və ya “Starlink” peyk terminalı vasitəsilə uzaqdan idarə olunan operator konsolu ilə idarə edilir. Kompleks üçün xüsusi BALOO nəqliyyat və yenidən doldurma qoşqusu da hazırlanıb.
BALOO qoşqusu eyni vaxtda 6-8 raket daşıya bilir. Buraya 8 AIM-9 raketi və ya 4 AIM-9 ilə 2 R-73 raketindən ibarət qarışıq yük daxildir. Qoşqu həmçinin 240 litr azot daşımaq imkanına malikdir.
Azot əsasən raketlərin infraqırmızı axtarış başlıqlarının soyudulması və buraxılışdan əvvəl hədəfi tutma qabiliyyətinin təmin edilməsi üçün istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az