İspaniya ordusunda aşağı maaşlar və sosial problemlər səbəbindən 23 min hərbçi çatışmazlığı yaranıb

2026/06/Ekran-1781548839.jpg
Oxunub: 201     22:34     15 İyun 2026    
İspaniya Silahlı Qüvvələri xroniki şəxsi heyət çatışmazlığı ilə üzləşib və hazırda orduda 15 min ilə 23 min arasında hərbçi çatışmır.

Ordu.az xəbər verir ki, bu barədə “El País” nəşri Hərbi Həyat Müşahidə Mərkəzinin rəhbəri Mariano Kasadoya və müdafiə sahəsi üzrə ekspertlərə istinadən məlumat yayıb.

Məlumata görə, İspaniya ordusunun qarşıya qoyulan 140 min peşəkar hərbçi hədəfinə çatması üçün daha çox şəxsi heyətə ehtiyacı var. Hazırda silahlı qüvvələrdə 116 739 nəfər xidmət edir ki, onların da yalnız 76 mini sıravi hərbçilərdir.

Şəxsi heyət çatışmazlığının əsas səbəbi iqtisadi artım fonunda yeni hərbçilərin cəlb edilməsi və xidmətdə saxlanılması ilə bağlı problemlərdir. 2015-ci ildən etibarən İspaniya ordusunu tərk edənlərin sayı xidmətə qəbul olunanlardan çox olub. Eyni zamanda vakant yerlərə müraciət edənlərin sayı tarixi minimum səviyyəyə enib.

Hərbi xidmətin maliyyə və sosial şərtlərinin zəif olması vəziyyətə ciddi təsir göstərir. Təxminən 1300 avro aylıq əməkhaqqı alan hərbçilər üçün aydın iş qrafiki və kifayət qədər sosial təminat yoxdur. Buna görə də mülki şirkətlər və Mülki Qvardiya daha yüksək maaşlarla ixtisaslı kadrları asanlıqla cəlb edə bilir.

Digər amillərdən biri qadınların hərbi xidmətə marağının aşağı olmasıdır. Hazırda sıravi heyətin yalnız 15 faizini qadınlar təşkil edir. Bundan əlavə, məcburi hərbi xidmət dövründən qalan köhnəlmiş və mənfi ordu imici cəmiyyətdə hələ də qalmaqdadır.

Hərbi rəhbərlik hərbçilərin maaşlarının və sosial şəraitinin ciddi şəkildə yaxşılaşdırılmasının vacibliyini vurğulayır. Onların fikrincə, yeni şəxsi heyətin cəlb edilməsi və kadr çatışmazlığının aradan qaldırılması yalnız maaşların artırılması və aydın karyera inkişafı imkanlarının yaradılması ilə mümkündür.

Bununla yanaşı, İspaniya hökuməti 25 il əvvəl ləğv edilmiş məcburi hərbi xidmətin bərpasını istisna edib. Hakimiyyət problemin peşəkar müqaviləli hərbçilər üçün şəraitin yaxşılaşdırılması yolu ilə həllini planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Ordu  


Bizi "telegram"da izləyin