A-10 hücum təyyarələri döyüş nişanları ilə Britaniyaya gedib

2026/06/Ekran-1781549521.jpg
Oxunub: 192     22:46     15 İyun 2026    
ABŞ-nin 11 ədəd A-10C “Thunderbolt II” hücum təyyarəsi Yaxın Şərqdən Böyük Britaniyaya gətirilib.

Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” nəşri məlumat yayıb.

Məlumata görə, təyyarələr iyunun 12-də “Leykenhit” aviabazasına eniş edib. Onların hamısı ABŞ Hərbi Hava Qüvvələrinin 75-ci Qırıcı Eskadrilyasına məxsusdur və İordaniyadakı Muvaffaq Salti aviabazasından İtaliyanın Aviano aviabazası üzərindən Böyük Britaniyaya gəliblər.

Təyyarələrin gövdəsində çoxsaylı döyüş nişanları yerləşdirilib. Bunların arasında məhv edilmiş İran qayıqlarını əks etdirən təsvirlər də var.

Fotolardan birində quyruğunda F-15E silueti, ABŞ Hərbi Hava Qüvvələrinin paraxilasetmə bölməsinin nişanları və “So others may live” şüarı olan A-10 görünür.

Məlumata görə, həmin təyyarə iki F-15E ekipaj üzvünün xilas edilməsi əməliyyatında iştirak etmiş ola bilər.

Nişanlardan görünür ki, A-10 təyyarələri idarəolunmayan bombalarla yanaşı, GBU-39, GBU-12 və JDAM kimi yüksək dəqiqlikli sursatlardan da istifadə ediblər.

Təyyarələrdə AGM-65 “Maverick” raketlərinin tətbiqini göstərən nişanlar da müşahidə olunub. Bundan əlavə, A-10C-lərin MALD saxta hədəf raketləri daşıdığı bildirilir.

Bəzi təyyarələrin üzərində APKWS sistemlərinin istifadəsini göstərən nişanlar da var ki, bu da onların hava hədəflərinə, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı tətbiq olunduğunu göstərir.

Təyyarələrdən birinin üzərində batırılmış iki İran qayığını təsvir edən nişanlar yerləşdirilib. A-10-ların İranın hərbi dəniz qüvvələrinə qarşı istifadəsi barədə məlumatlar daha əvvəl mart ayında da yayılmışdı.

Qeyd edək ki, 2026-cı maliyyə ili büdcə layihəsində ABŞ Hərbi Hava Qüvvələri bu tipdən olan bütün 162 təyyarənin xidmətdən çıxarılmasına icazə istəmişdi. Lakin Konqres yalnız 59 təyyarənin silinməsini təsdiqləyib.

Aprelin sonunda isə A-10 “Thunderbolt II” təyyarələrinin xidmət müddətinin ən azı 2030-cu ilə qədər uzadılacağı açıqlanmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: A-10   Thunderbolt-II   Britaniya  


Bizi "telegram"da izləyin