Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşrində dərc olunan “Rusiyadan hansı təhlükələr gözlənilə bilər?” başlıqlı məqalədə bildirilib.
Nəşrin yazdığına görə, beynəlxalq münasibətlər təcrübəsi göstərir ki, seçkilərin nəticələrinin tanınmaması ilə bağlı qərarlar çox vaxt geniş siyasi böhranlara çevrilir və məqsəd ya həmin ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq, ya da onu siyasi kursunu yenidən nəzərdən keçirməyə məcbur etmək olur.
“Əgər belə vəziyyət Rusiya ilə onun təsir dairəsində olan hər hansı dövlət arasında yaranarsa, ilk növbədə ikitərəfli siyasi münasibətlər zərbə altına düşəcək. Moskva seçkilərin nəticələrini tanımadığı halda yeni hakimiyyətin legitimliyini şübhə altına ala və onun imzaladığı sənədləri mübahisəli hesab edə bilər.
Rəsmi münasibətlər adətən dərhal kəsilməsə də, praktikada diplomatik əlaqələrin ciddi şəkildə dondurulması, səfirlərin geri çağırılması və yüksək səviyyəli təmasların məhdudlaşdırılması mümkündür”, - deyə məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, problemlər Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi inteqrasiya qurumlarında da özünü göstərə bilər.
“Bu təşkilatların nizamnamələri üzv ölkənin belə hallarda avtomatik çıxarılmasını nəzərdə tutmasa da, təsirli iştirakçılar onların normal fəaliyyətinə mane ola bilərlər. Konsensus prinsipi ilə işləyən qurumlarda ciddi siyasi ziddiyyətlər qərarların qəbulunu faktiki olaraq iflic vəziyyətinə sala bilər”, - deyə nəşr yazıb.
Müəllifin fikrincə, təhlükəsizlik sahəsində nəticələr daha həssas ola bilər.
“Əgər münasibətlər dərin böhran mərhələsinə keçərsə, hərbi əməkdaşlıq proqramları məhdudlaşdırıla, silah təchizatı dayandırıla və ya kəşfiyyat məlumatlarının mübadiləsi azaldıla bilər. Belə şəraitdə həmin dövlət öz təhlükəsizlik hesablamalarını və xarici tərəfdaşlarını yenidən nəzərdən keçirməyə məcbur olacaq”, - deyə məqalədə vurğulanıb.
Məqalədə iqtisadi sahənin də təzyiq vasitəsinə çevrilə biləcəyi qeyd olunub.
“Böyük dövlətlər tez-tez enerji, ticarət və maliyyə rıçaqlarından istifadə edirlər. Bu, qaz və neft qiymətlərinin yenidən müəyyənləşdirilməsi, məhsulların idxalına məhdudiyyətlərin tətbiqi, eləcə də əmək miqrantlarına nəzarətin sərtləşdirilməsi formasında özünü göstərə bilər. Bu cür addımlar xüsusilə iqtisadiyyatı həmin böyük dövlətin bazarı və maliyyə axınlarından ciddi şəkildə asılı olan ölkələr üçün ağrılı nəticələr yaradır”, - deyə məqalədə qeyd olunub.
Nəşr son onilliklərin beynəlxalq təcrübəsinə də istinad edib.
“Seçkilərin legitimliyi ətrafında yaranan mübahisələr bir çox hallarda geniş siyasi qarşıdurmalara çevrilib. Həm Latın Amerikasında, həm də postsovet məkanında seçki nəticələri ilə bağlı fikir ayrılıqları daxili siyasi sarsıntılara, hakimiyyət dəyişikliklərinə və uzunmüddətli beynəlxalq qarşıdurmalara səbəb olub”, - deyə məqalədə bildirilib.
Məqalə müəllifinin fikrincə, ən təhlükəli ssenarilər siyasi böhranla yanaşı geosiyasi yenidənqurmanın baş verdiyi hallarda formalaşır.
“Belə vəziyyətdə ziddiyyətlər diplomatik müstəvidən çıxaraq daha dərin qarşıdurmaya çevrilə bilər. Bu proses iqtisadi, təhlükəsizlik və hətta ərazi məsələlərini də əhatə edə bilər”, - deyə nəşr vurğulayıb.
Məqalənin sonunda qeyd olunur ki, böyük dövlət tərəfindən seçkilərin nəticələrinin tanınmaması sadəcə simvolik bəyanat deyil.
“Bu, həmin dövlətə münasibətin dəyişdiyinə və əlaqələrin qeyri-müəyyənlik və ciddi sınaqlar mərhələsinə daxil olduğuna dair siqnaldır. Kiçik və orta dövlətlər üçün belə vəziyyətlər idarəetmə, iqtisadiyyat və təhlükəsizlik sistemləri qarşısında ağır çağırışlara çevrilə və onları yeni siyasi-strateji həll yolları axtarmağa məcbur edə bilər”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az