Meloni: "İtaliya Hörmüzün açıq qalmasını üçün hərbi-dəniz missiyasında iştirak etməyə hazırdır"

2026/01/1768744806.jpg
Oxunub: 207     11:39     15 İyun 2026    
İtaliya Fransa, Almaniya və Böyük Britaniya ilə birlikdə gəmiçiliyin təhlükəsizliyinə zəmanət verməyə və Hörmüz boğazının açıq qalmasını təmin etmək məqsədilə beynəlxalq hərbi-dəniz missiyasında iştirak etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni "X" sosial şəbəkəsində paylaşım edib.

Meloni bildirib ki, ötən gecə adıçəkilən ölkələr diplomatik prosesin davam etdirilməsinin və regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq, ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunu dəstəkləyiblər.

Onun sözlərinə görə, razılaşma Qətər və Pakistan da daxil olmaqla bir sıra vasitəçilərin səyləri nəticəsində mümkün olub və sülhün bərqərar olunması üçün mühüm fürsət hesab edilməlidir. Baş nazir qeyd edib ki, İtaliya əvvəlki kimi, hərtərəfli razılaşmanın əldə edilməsinə yönəlmiş diplomatik təşəbbüsləri dəstəkləməyə hazırdır:

"Prinsiplər aydındır: İran nüvə silahına malik olmamalıdır və beynəlxalq gəmiçiliyin azadlığı təmin edilməlidir. Biz tərəfdaşlarımızla birlikdə və parlamentin müvafiq təsdiqi şərti ilə Hörmüz boğazının tam açılmasına dəstək vermək məqsədilə beynəlxalq hərbi-dəniz qüvvələrinin tərkibində iştirak etməyə hazırıq", – deyə Meloni vurğulayıb.

Baş nazir həmçinin Livanda hərbi əməliyyatların dayandırılmasının vacibliyini qeyd edərək bildirib ki, İtaliya ölkənin suverenliyinin və sabitliyinin qorunmasına dəstəyini davam etdirəcək.

Xatırladaq ki, bundan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşma əldə olunduğunu açıqlamışdı. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması nəzərdə tutulur və tərəflər artıq hərbi əməliyyatların dayandırılması barədə ilkin razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   İtaliya   Hörmüz  


Bizi "telegram"da izləyin