Ordu.az xəbər verir ki, bu barədə “Erməni Tərəqqipərvər Gəncliyi” ictimai təşkilatının rəhbəri, İrəvan Şəhər Şurasının keçmiş üzvü Qriqor Yeritsyan sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, saxlanılan şəxs illər əvvəl siyasi təqiblər səbəbindən Belarusu tərk etməyə məcbur olub və hazırda Avropa İttifaqı ərazisində yaşayır.
Yeritsyan bildirib ki, Avropa İttifaqı həmin şəxsə müdafiə statusu verib, lakin Avropa İttifaqına inteqrasiya kursu götürdüyünü bəyan edən Ermənistan onu Belarus hakimiyyətinin tələbi əsasında saxlayıb.
“Yaranmış vəziyyətdən dərin narahatlıq keçiririk. Demokratiya, insan hüquqları və vətəndaş azadlıqlarını müdafiə etdiyini bəyan edən Ermənistanın insan hüquqları müdafiəçisinin azadlığını məhdudlaşdırması və ya onun həyatının, təhlükəsizliyinin və fundamental hüquqlarının təhlükə altında ola biləcəyi ölkəyə ekstradisiya olunmasını müzakirə etməsi qəbuledilməzdir”, - deyə o vurğulayıb.
Yeritsyan Ermənistanın səlahiyyətli qurumlarını saxlanılan şəxsin hüquqlarının tam müdafiəsini təmin etməyə və onu dərhal azad etməyə çağırıb.
O, həmçinin beynəlxalq müdafiə mexanizmləri tam qiymətləndirilənədək həmin şəxsin Belarusa ekstradisiyası prosesinin istisna edilməsini tələb edib.
“Ermənistan Belarus deyil və siyasi təqiblərdən qaçan insanların sığınacaq tapa bilmədiyi, əksinə, yenidən təqib təhlükəsi ilə üzləşdiyi ölkə imici formalaşdırmamalıdır”, - deyə Yeritsyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az