Ordu.az xəbər verir ki, bunu rusiyalı türkşünas Viktor Nadeyin-Rayevski Ermənistanın “168.am” nəşrinə müsahibəsində deyib.
O xatırladıb ki, Türkiyə diplomatiyası yüksək səviyyəli üçtərəfli əməkdaşlığın yalnız iştirakçı ölkələrin rifahına xidmət etmədiyini, eyni zamanda Cənubi Qafqazda sabitlik və sülhün əsas təminatçısı olduğunu bəyan edib.
“Bu açıqlamalara Azərbaycan da sinxron şəkildə reaksiya verir. Üçtərəfli platforma çərçivəsində aparılan müzakirələr göstərir ki, Bakı və Tbilisi Ankaranın liderliyini qəbul edir, Türkiyə isə bu platformadan öz geosiyasi ambisiyalarına qanunilik və regional legitimlik qazandırmaq üçün uğurla istifadə edir”, - deyə Nadeyin-Rayevski bildirib.
Onun sözlərinə görə, bu görüşün Cənubi Qafqaz üçün əhəmiyyəti məhz Türkiyənin təsir imkanlarının görünməmiş şəkildə genişlənməsi kontekstində qiymətləndirilməlidir.
“İstanbul diskursu göstərir ki, Ankara bölgəni öz təsir zonasına çevirmək strategiyasını uğurla həyata keçirir və faktiki olaraq digər xarici oyunçuları sıxışdırıb çıxarır. Gürcüstanın Türkiyənin təşəbbüslərində tam iştirak etməsi onu göstərir ki, Tbilisi Avropa İttifaqı ilə münasibətlərindəki çətinliklərə baxmayaraq, iqtisadi və logistik gələcəyini tam şəkildə Ankaranın nəzarət etdiyi layihələrlə əlaqələndirir. Nəticədə Cənubi Qafqazda Türkiyənin mövqeləri əhəmiyyətli dərəcədə güclənir”, - deyə ekspert vurğulayıb.
Viktor Nadeyin-Rayevski qeyd edib ki, Türkiyənin rolunun bu şəkildə ön plana çıxması Ermənistan üçün ciddi çağırışlar yaradır.
“Ankara üçtərəfli formatdan istifadə edərək Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistanı da bu konfiqurasiyaya cəlb etməyə, bölgədə Türkiyə-Azərbaycan təsirini geri dönməz etməyə çalışır. Ermənistan üçün elə bir vəziyyət formalaşır ki, Türkiyə faktoru Ermənistan-Azərbaycan nizamlanması prosesində daha da həlledici rol oynayır”, - deyə o bildirib.
Analitikin fikrincə, İstanbul görüşü İrəvana açıq mesaj idi.
“Bu görüş İrəvana Türkiyənin üstünlüyünün geri dönməz xarakter almağa başladığı barədə aydın siqnal göndərdi. Buna görə də sülhün təmin olunmasına yönəlmiş bütün proseslərin sürətləndirilməsi gözlənilir. Halbuki TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin taleyi həm də Yaxın Şərqdəki vəziyyətdən asılıdır”, - deyə Nadeyin-Rayevski qeyd edib.
Rusiyalı türkşünas yekunda Ankara-Tbilisi-Bakı oxunun Türkiyə təsirinin dərinləşdirilməsi üçün geosiyasi mexanizm kimi fəaliyyət göstərdiyini vurğulayıb.
“Bu mexanizm digər türk platformaları ilə birlikdə türk dünyasının məqsədlərinə xidmət edir”, - deyə Viktor Nadeyin-Rayevski bildirib.
Alpər Mövludoğlu
Ordu.az