ABŞ Böyük Britaniyada yerləşdirilmiş strateji bombardmançı aviasiya qrupunu böyüdüb

2026/02/1772257344.jpg
Oxunub: 219     11:57     15 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri İngiltərənin Fairford ön xətt aviabazasında yerləşdirilən B-1B “Lancer” və B-52H “Stratofortress” strateji bombardmançılarının sayını 27-yə çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Fairford Movements” portalının məlumatında bildirilib.

Məlumata görə, əvvəllər aviasiya qrupu 23 təyyarədən ibarət olub. Daha dörd bombardmançı ötən həftə ABŞ-nin İran hədəflərinə endirdiyi zərbələr fonunda aviabazaya gətirilib.

Bununla yanaşı, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iki gecə əməliyyatı zamanı həmin təyyarələrin istifadəsi barədə məlumat verməyib. Lakin həmin günlərdə aviabazadan uçuşların həyata keçirildiyi qeydə alınıb.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi kampaniya zamanı B-1B və B-52H bombardmançıları ölkə ərazisindəki mühüm hədəflərə zərbələr endirmək üçün gündəlik əsasda istifadə olunub.

ABŞ ilə İran arasında atəşkəslə bağlı razılıq əldə edildikdən sonra isə təyyarələr döyüş hazırlığının qorunması məqsədilə təlim uçuşları həyata keçiriblər.

CENTCOM-un məlumatına görə, uçuşlar Yaxın Şərq regionu istiqamətində də icra olunub.

Hazırda Fairford aviabazasında 18 ədəd B-1B “Lancer” ağır bombardmançısı və 9 ədəd B-52H “Stratofortress” strateji bombardmançısı yerləşdirilib.

Hər bir təyyarə 20 kilometr uzaqlığa qədər tətbiq oluna bilən 24 ədəd 900 kiloqramlıq JDAM idarəolunan aviasiya bombasını və ya təxminən 300 kilometr mənzilə malik 12 ədəd JASSM qanadlı raketini daşıya bilir.

Hərbi əməliyyatlar zamanı bu sursatlar İranın ən mühüm obyektlərinə, xüsusilə ballistik raketlərin saxlanıldığı, istehsal edildiyi və yerləşdirildiyi mühafizə olunan məkanlara qarşı istifadə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin