Yunanıstan İsraildən zərbə PUA-sı almağa çalışır

2026/06/Ekran-1781505511.jpg
Oxunub: 259     10:40     15 İyun 2026    
Yunanıstan Hərbi Hava Qüvvələri İsrail istehsalı olan “Heron TP” zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) tədarükü üçün fəaliyyətə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Pentapostagma” nəşri məlumat yayıb.

Məlumata görə, müqavilə yekunlaşarsa, Yunanıstan ilk dəfə olaraq öz inventarına zərbə PUA-sı qəbul etmiş olacaq.

Qeyd edilir ki, Yunanıstanın “Heron” platforması ilə əməkdaşlığı yeni deyil. Afina 2020-ci ildə İsraillə imzalanan müqavilə çərçivəsində IAI tərəfindən hazırlanan “Heron” PUA-larını icarəyə götürərək Sahil Mühafizəsi Komandanlığının istifadəsinə vermişdi.

Sistemlər əsasən Egey dənizində və quru sərhədlərində müşahidə məqsədilə istifadə olunurdu.

COVID-19 pandemiyası dövründə rəqəmsal şəkildə imzalanmış müqaviləyə əsasən, İsrail Müdafiə Nazirliyi “Heron”un dəniz müşahidə konfiqurasiyasını Yunanıstana üç il müddətinə icarəyə vermişdi. Müqavilədə icarə müddətinin sonunda sistemin satın alınması seçimi də nəzərdə tutulmuşdu.

Sonrakı mərhələdə icarə müddətinin uzadılması və satınalma variantının gündəmə gəlməsi ilə “Heron” sistemləri Yunanıstanın kəşfiyyat və müşahidə imkanlarının mühüm elementlərindən birinə çevrilmişdi.

Gündüz və gecə fəaliyyət göstərə bilən elektro-optik sistemlər, dəniz patrul radarları və peyk rabitəsi imkanları ilə təchiz olunan “Heron” dəniz patrulu, quru və dəniz sərhədlərinin mühafizəsi, axtarış-xilasetmə əməliyyatları və təbii fəlakətlərin idarə olunması kimi tapşırıqlar üçün hazırlanıb.

Sistem hazırda İsrail Müdafiə Qüvvələri və müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin tərkibində istifadə olunur. “İsrail Aerokosmik Sənaye Şirkəti” (IAI) tərəfindən hazırlanan “Heron TP” orta hündürlükdə uzunmüddətli uçuş qabiliyyətinə malik MALE sinfinə məxsus PUA-dır.

Təxminən 14 metr uzunluğa və 26 metr qanad açılımına malik platforma 5 tondan çox maksimal qalxma çəkisi ilə “Heron” ailəsinin ən böyük üzvü hesab edilir. Turboprop mühərriklə təchiz olunan “Heron TP” 40 saata qədər havada qala bilir və təxminən 45 min fut yüksəklikdə fəaliyyət göstərə bilir.

Platforma qabaqcıl elektro-optik sensorlar, sintetik aperturalı radar (SAR), radioelektron kəşfiyyat sistemləri və peyk rabitəsi imkanları daşıya bilir. “Heron TP” kəşfiyyat, müşahidə, hədəf aşkarlanması və zərurət yarandıqda dəqiq zərbə endirmə tapşırıqlarını yerinə yetirmək imkanına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   İsrail   PUA  


Bizi "telegram"da izləyin