Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb

2026/05/1779798855.jpg
Oxunub: 230     09:56     15 İyun 2026    
Pakistan Prezidenti Asif Əli Zərdari ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasını alqışlayaraq, sənədin yekun razılaşmanın əldə olunmasına və regionda sülhün möhkəmlənməsinə doğru bir addım olacağına ümid etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Mən ABŞ və İran arasında yekun razılaşmaya yol açacağına və regionda davamlı və hərtərəfli sülhün əsasını qoyacağına ümid etdiyimiz Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması ilə bağlı elanı alqışlayıram. Pakistan bu mürəkkəb dövrdə dialoq və diplomatiyanı ardıcıl olaraq dəstəklədiyi üçün fəxr edir", - məlumatda bildirilib.

Zərdari vurğulayıb ki, bu addım həmçinin çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə və mübahisələrin qarşılıqlı əlaqə və qarşılıqlı hörmət vasitəsilə sülh yolu ilə həllinə verilən mühüm töhfədir.

Pakistan Prezidenti tərəflərin göstərdiyi səylərin həm regionda, həm də bütün dünyada sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin