Görgün: “Daha güclü Türkiyə müdafiə sənayesi daha güclü alyans deməkdir”

2026/06/1781510543.jpg
Oxunub: 259     12:03     15 İyun 2026    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri professor Haluk Görgün Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə görüş keçirib və NATO daxilində Türkiyənin müdafiə sənayesinin roluna dair mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Görgün bu fikirləri “Defence24” nəşrinin əməkdaşı doktor Aleksander Olexə verdiyi müsahibədə səsləndirib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun müdafiə infrastrukturunda artıq yalnız təchizatçı deyil, inteqrasiya olunmuş “sistemlər sistemi” yanaşmasının əsas mərkəzlərindən birinə çevrilir.

Görgün bildirib ki, Türkiyənin təqdim etdiyi əməkdaşlıq modeli yalnız platforma satışını deyil, istehsal, təlim, texniki xidmət, modernləşdirmə və yerli potensialın inkişafını əhatə edən kompleks yanaşmanı özündə birləşdirir.

O vurğulayıb ki, bu model Türkiyə müdafiə sənayesinin NATO standartları ilə tam uyğun fəaliyyət göstərdiyini nümayiş etdirir.

Müsahibə zamanı Görgün müdafiə sənayesinin gələcəyini müəyyənləşdirəcək əsas proqramlara da toxunub.

O, KAAN, KIZILELMA, ANKA III, TB3 və təbəqəli hava hücumundan müdafiə sistemlərini ön plana çıxararaq bildirib ki, bu layihələr ayrı-ayrı proqramlar deyil, vahid konsepsiyanın hissələridir.

“KAAN yalnız döyüş təyyarəsi deyil, həm də sistem layihələndirilməsi, qabaqcıl materiallar, avionik və sensor texnologiyalarını özündə birləşdirən milli texnologiya ekosistemidir. KIZILELMA və ANKA III gələcəkdə pilotlu və pilotsuz platformaların birgə fəaliyyət göstərəcəyi hava döyüş konsepsiyalarını formalaşdırır”, - deyə Görgün bildirib.

TB3 isə qısa uçuş zolağına malik dəniz platformalarından fəaliyyət göstərə bilməsi ilə çevik və aşağı xərc tələb edən həll axtaran ölkələr üçün yeni imkanlar yaradır.

Görgün hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, radarlar, komanda-idarəetmə şəbəkələri və yerli istehsal döyüş gəmiləri üzrə layihələr həm Türkiyənin müdafiəsini gücləndirir, həm də beynəlxalq əməkdaşlıq potensialını artırır.

Komitə sədri müasir döyüş meydanında artıq ayrı-ayrı platformaların deyil, “sistemlər sistemi” yanaşmasının üstünlük təşkil etdiyini vurğulayıb.

“Pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə sistemlərinin, komanda-idarəetmə şəbəkələrinin və KAAN qırıcısının NATO şəbəkələri ilə uyğun şəkildə fəaliyyət göstərə bilməsi alyans üçün mühüm üstünlük yaradır.

Türkiyə müdafiə sənayesinin məhsulları “Steadfast Dart 26” təlimində nümayiş etdirdiyi yüksək hazırlıq səviyyəsi və uzaq məsafələrə sürətli yerləşdirilmə qabiliyyəti ilə öz effektivliyini sübut edib”, - deyə o qeyd edib.

Radioelektron mübarizə, kibermüdafiə və təbəqəli hava hücumundan müdafiə sistemləri isə NATO-nun mövcud boşluqlarına cavab verən orijinal həllər kimi qiymətləndirilir.

Qlobal geosiyasi risklərin artdığı bir dövrdə Türkiyənin yerli sənaye potensialını müttəfiqləri üçün etibarlı təminat kimi təqdim etdiyini bildirən Görgün müdafiə sahəsində xarici asılılığın azaldılmasının vacibliyini vurğulayıb.

“Bir çox şeyi idxal etmək mümkündür, amma təhlükəsizliyi idxal etmək olmaz”, - deyə o qeyd edib.

Görgün Ankarada keçiriləcək NATO sammitini Türkiyənin texnoloji müstəqillik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelini təqdim etmək üçün mühüm imkan adlandırıb.

O, Türkiyənin alyansa mesajını belə yekunlaşdırıb: “Daha güclü Türkiyə müdafiə sənayesi daha güclü alyans deməkdir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Görgün   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin