İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə memorandumun yekunlaşdırıldığını təsdiqləyib

2026/04/1777437793.jpg
Oxunub: 230     10:20     15 İyun 2026    
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyi Tehran və Vaşinqtonun qarşılıqlı anlaşma memorandumunun mətni üzərində işi başa çatdırdığını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Şuranın yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi əsasında İran və ABŞ arasında müharibənin dayandırılması ilə bağlı danışıqların nəticəsi olan qarşılıqlı anlaşma memorandumunun mətni iyunun 15-i axşam yekun şəkildə hazırlanıb.

Sənəddə vurğulanır ki, müharibə və hərbi əməliyyatlar bütün cəbhələrdə, o cümlədən Livanda dərhal və birdəfəlik dayandırılır.

“Bundan əlavə, İranın dəniz blokadası da dərhal və tam şəkildə aradan qaldırılır”, - deyə bəyanatda qeyd olunub.

Ali Milli Təhlükəsizlik Şurası memorandumun rəsmi olaraq iyunun 19-da imzalanacağını da təsdiqləyib.

Məlumata görə, yekun sazişin imzalanması ilə bağlı danışıqlar ABŞ memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənədək təxirə salınacaq.

İran bəyanatında vasitəçilik səylərinə görə Pakistan və Qətərə də təşəkkür edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin