ABŞ Ukrayna üçün zirehli maşın istehsalını yenidən başlayıb: 65 ədəd MSFV təhvil veriləcək

2026/06/1781499256.jpg
Oxunub: 304     09:08     15 İyun 2026    
ABŞ-nin “Textron Systems” şirkəti Ukraynaya təhvil verilməsi üçün MSFV (Mobile Strike Force Vehicle) zirehli maşınlarının istehsalını yenidən başladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Luiziana ştatının Slidell şəhərində yerləşən müəssisədə həyata keçirilən istehsal çərçivəsində Ukrayna üçün 65 ədəd MSFV zirehli maşını hazırlanacaq.

163,4 milyon dollar dəyərində müqavilə ABŞ-nin Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) çərçivəsində Xarici Hərbi Satışlar (FMS) mexanizmi vasitəsilə maliyyələşdirilir. Proqram həm maşınları, həm də bir illik ehtiyat hissələri dəstəyini əhatə edir.

Təhvil prosesinin 2028-ci il noyabrın 30-dək tamamlanması planlaşdırılır. MSFV ABŞ Ordusunun Hərbi Polis bölmələri üçün hazırlanmış M1117 “Guardian” zirehli təhlükəsizlik maşınının təkmilləşdirilmiş versiyasıdır. Platforma əvvəllər Əfqanıstan Milli Ordusu üçün istehsal olunurdu, lakin istehsal xətti təxminən 2019-cu ildə bağlanmışdı.

Ukrayna sifarişi ilə platformanın istehsalı yenidən bərpa olunub. MSFV əsas M1117 platforması ilə müqayisədə uzadılmış gövdəyə, əlavə zireh mühafizəsinə və təkmilləşdirilmiş mina mühafizəsinə malikdir. Ukraynada geniş yayılmış mina təhlükəsi nəzərə alınaraq hazırlanan maşın yolkənarı partlayıcı qurğulara və minalara qarşı daha yüksək dayanıqlıq təmin edir.

Maşında “Cummins” QSL 365 dizel mühərriki və “Allison” 3500SP altıpilləli avtomatik transmissiya quraşdırılıb. Dördtəkərli ötürücü sistemə malik platforma mərkəzləşdirilmiş təkər təzyiqinə nəzarət sistemi sayəsində müxtəlif ərazi şəraitində fəaliyyət göstərə bilir.

Təxminən 6,7 metr uzunluğa malik MSFV bəzi variantlarda 10 nəfərə qədər şəxsi heyətin daşınmasına imkan verir. Ukrayna ordusu artıq ABŞ inventarından verilmiş M1117 “Guardian” maşınlarından istifadə edir. İlk maşınlar 2024-cü ilin martında 425-ci Müstəqil Hücum Taborunun tərkibində müşahidə olunmuşdu.

Cəbhədə istifadə edilən M1117-lər FPV-kamikadze tipli pilotsuz uçuş aparatı təhlükəsinə qarşı əlavə zireh və qoruyucu qəfəs sistemləri ilə təkmilləşdirilib. Yeni təhvil veriləcək MSFV maşınlarında da oxşar mühafizə həllərinin tətbiq ediləcəyi gözlənilir.

Şirkətin Slidell müəssisəsində qaynaq, montaj, sistem inteqrasiyası və sınaq proseslərinin hamısı eyni mərkəzdə həyata keçirilir. Beləliklə, maşınlar göndərilməzdən əvvəl tam əməliyyat vəziyyətinə gətirilir.

ABŞ rəsmiləri vurğulayıblar ki, müqavilə mövcud hərbi ehtiyatlardan maşın verilməsini deyil, Ukrayna üçün sıfırdan yeni maşınların istehsalını nəzərdə tutur.

USAI proqramı çərçivəsində maliyyələşdirilən layihənin məqsədi Ukraynanın uzunmüddətli müdafiə ehtiyacları üçün yeni texnikanın təmin edilməsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   MSFV  


Bizi "telegram"da izləyin