Ordu.az xəbər verir ki, bunu rusiyalı siyasi şərhçi Aleksey Belov Ermənistan parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
Ekspert qeyd edib ki, nə Rusiya ilə yaxın münasibətlərin tərəfdarları, nə də Avropa İttifaqına inteqrasiyanı dəstəkləyən qüvvələr inandırıcı üstünlük əldə edə biliblər. Onun sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası hökuməti təkbaşına formalaşdırmaq üçün tələb olunan 50 faizlik həddi keçə bilməyərək səslərin 49,81 faizini toplayıb.
Belov bildirib ki, Ermənistanın mürəkkəb seçki qanunvericiliyi sayəsində ən çox səs toplayan siyasi qüvvə milli azlıqlar üçün ayrılmış mandatları və seçki baryerini keçə bilməyən partiyaların səslərinin yenidən bölüşdürülməsindən yaranan üstünlüyü əldə edir. Bu isə Paşinyana yenidən baş nazir postunu qorumaq imkanı yaradır.
Onun sözlərinə görə, əsas müxalif qüvvələrdən Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” alyansı 23,29 faiz, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” alyansı isə 9,94 faiz səs toplayıb. Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası isə parlamentə keçmək üçün tələb olunan 4 faizlik baryeri cüzi fərqlə aşa bilməyib.
“Beləliklə, hüquqi baxımdan qalib müəyyənləşib. Lakin bu qələbənin sözün əsl mənasında tükdən asılı olması müxalifətə seçki pozuntuları və saxtakarlıqlar barədə iddialar irəli sürmək üçün əsas verir”, - deyə ekspert vurğulayıb.
Aleksey Belov qeyd edib ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, parlament seçkiləri zamanı mümkün qanun pozuntuları ilə bağlı 425 müraciət daxil olub, 59 epizod üzrə isə artıq cinayət işləri açılıb.
Ekspert hesab edir ki, bütün bunlar ölkədə ciddi siyasi böhranın başlanğıcına çevrilə bilər. Onun fikrincə, qarşıdurmada iştirak edən tərəflər Ermənistanın gələcəyi ilə bağlı tamamilə fərqli, hətta bir-birinə zidd baxışlara malikdirlər.
Belovun sözlərinə görə, seçkilər Ermənistan üçün tarixi seçim xarakteri daşıyırdı. Bir tərəfdə postsovet məkanında Rusiya və digər ölkələrlə formalaşmış sabit, qarşılıqlı faydalı və proqnozlaşdırılan əlaqələr dayanırdı. Digər tərəfdə isə Avropa inteqrasiyası ideyası və onun yaratdığı ümidlər mövcud idi.
“Avropalı mif yaradıcılarının fəaliyyətini etiraf etmək lazımdır. Onlar rifahlı və zəngin Avropa haqqında hekayələri çox məharətlə qurur və təqdim edirlər. Lakin reallıq daha sərt və daha praqmatikdir”, - deyə o bildirib.
Ekspert vurğulayıb ki, hazırda Ermənistanda toplanmış xarici investisiyaların 86 faizi Rusiya mənşəlidir və onların ümumi həcmi 4,9 milyard dollar təşkil edir. Onun fikrincə, Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıqdan imtina etməsi və Avropa İttifaqına yaxınlaşması ölkə iqtisadiyyatına ciddi zərbə vura bilər.
Belov qeyd edib ki, Avrasiya İqtisadi Birliyindən çıxmaq Ermənistanı güzəştli qiymətlərlə aldığı Rusiya qazından da məhrum edə bilər. Hazırda Ermənistan üçün min kubmetr qazın qiyməti 177,5 dollar olduğu halda, Avropada bu göstərici 633 dollara çatır.
Ekspert həmçinin hesab edir ki, Ermənistanın Avropa ilə yaxınlaşması yalnız iqtisadi deyil, siyasi və ictimai sahələrdə də ciddi problemlər yarada bilər. Onun fikrincə, Brüssel gələcəkdə İrəvandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı, Moskva ilə siyasi, iqtisadi və humanitar əlaqələri minimuma endirməyi tələb edə bilər.
“Bu, Rusiyada yaşayan çoxsaylı ermənilər də daxil olmaqla, Ermənistan üçün son dərəcə mənfi nəticələr doğura bilər”, - deyə Belov vurğulayıb.
Ekspert əlavə edib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı perspektivlər də olduqca qeyri-müəyyəndir. O xatırladıb ki, Nikol Paşinyan özü də Ermənistanın hazırda Avropa İttifaqına namizəd ölkə statusu almağa belə hazır olmadığını etiraf edib.
Belov seçkiqabağı dövrdə Avropa ölkələrinin və xüsusilə Fransanın Ermənistanın daxili siyasi proseslərinə fəal müdaxilə etdiyini də iddia edib. O bildirib ki, Fransa prezidenti Emmanuel Makron və digər Avropa rəsmiləri açıq şəkildə Paşinyana dəstək nümayiş etdiriblər.
“Seçkilər ərəfəsində Ermənistan Müdafiə Nazirliyinin xaricdən, xüsusilə Rusiyadan gələn vətəndaşların hərbi təlim toplanışlarına cəlb olunacağı ilə bağlı açıqlamaları da etiraz elektoratının fəallığını azaltmağa hesablanmış addımlar kimi qiymətləndirilə bilər.
Lakin bütün bu səylər Qərbin dəstəklədiyi Paşinyana arzulanan mütləq qələbəni qazandırmadı. Məhz buna görə də Ermənistanı qarşıdakı illərdə ciddi siyasi turbulentlik və davamlı daxili qarşıdurmalar gözləyə bilər”, - deyə Aleksey Belov bildirib.
Alpər Mövludoğlu
Ordu.az