Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Fransanın müdafiə şirkəti “Dassault Aviation” Fransa hökumətinin proqram çərçivəsində planlaşdırdığı satınalmaları dayandırmasından sonra yarana biləcək iş itkilərinə görə “Airbus”dan kompensasiya tələb edir.
Bu hadisə Almaniyanın bu həftə Fransa-Almaniya tərəfdaşlığı çərçivəsində həyata keçirilən FCAS döyüş təyyarəsi proqramının mövcud formatının başa çatdığını açıqlamasından sonra Avropa müdafiə sənayesində əməkdaşlıqla bağlı müzakirələri yenidən gündəmə gətirib.
Fransa, Almaniya, İtaliya və İspaniyanın birgə hazırladığı “Eurodrone” proqramı Avropanın ABŞ istehsalı MQ-9 “Reaper” və İsrail mənşəli sistemlərdən asılılığını azaltmağı hədəfləyir.
Lakin Fransanın son müdafiə büdcəsində 2035-ci ilə qədər “Eurodrone” tədarükü üçün vəsait ayırmaması proqram daxilində iş bölgüsünün yenidən formalaşmasına səbəb olub.
Fransa Müdafiə Nazirliyi qərarı yüksək intensivlikli münaqişələr üçün daha uyğun və daha aşağı xərc tələb edən alternativlərin ortaya çıxması ilə əsaslandırıb.
Paris proqramdan rəsmi olaraq çıxmasa da, satınalmaların dayandırılması Avropa müdafiə layihələrində tətbiq olunan “coğrafi geri dönüş” prinsipi səbəbindən Fransa sənayesinin əldə edəcəyi iş payını azalda bilər.
Məsələyə yaxın üç mənbə “Dassault Aviation”ın itirəcəyi investisiya və iş həcminə görə maliyyə kompensasiyası tələb etdiyini bildirib. “Dassault Aviation” məsələ ilə bağlı şərh verməkdən imtina edib. “Airbus” isə şirkətin baş direktoru Giyom Forinin daha əvvəl verdiyi açıqlamaya istinad edib.
Fori bildirmişdi ki, Fransa Müdafiə Nazirliyinin yanaşmasındakı dəyişiklikdən sonra “Eurodrone” proqramı ehtimal ki, bir qədər fərqli strukturla davam etdiriləcək. Hazırda proqramda əsas podratçı “Airbus” hesab olunur. “Dassault Aviation” isə uçuş idarəetmə sistemləri və missiya rabitə infrastrukturuna cavabdehdir.
Proqram çərçivəsində dörd ölkə ümumilikdə 60 pilotsuz uçuş aparatı sifariş edib. İlk təhvilin 2025-ci ildə başlaması planlaşdırılsa da, texniki və siyasi problemlər səbəbindən təqvim dəfələrlə təxirə salınıb. İlk uçuşun isə 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, “Airbus” və “Dassault Aviation” arasındakı münasibətlər son dövrlərdə daha da pisləşib. Tərəflər arasında FCAS proqramının növbəti mərhələsinin idarə olunması ilə bağlı yaranan fikir ayrılığı döyüş təyyarəsi layihəsinin mövcud strukturunun dağılmasına səbəb olmuşdu.
Mənbələr qeyd edir ki, FCAS və “Eurodrone” mübahisələri texniki baxımdan ayrı proseslər olsa da, artıq siyasi və psixoloji baxımdan bir-biri ilə sıx əlaqələnib.
Sevinc Əliyeva
Ordu.az