Ordu.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
“Polşaya xoş gəlmisiniz” tədbiri çərçivəsində üç F-35 “Lightning II” təyyarəsi Qdansk, Varşava, Krakov və Lodz şəhərlərinin səması üzərində nümayiş uçuşları həyata keçirib. Polşa Müdafiə Nazirliyinin təhvil aldığı ilk üç təyyarə daha sonra Lask şəhərində yerləşən 32-ci Taktiki Hava Bazasında keçirilən mərasimlə rəsmi olaraq inventara daxil edilib.
Nümayiş uçuşlarında iştirak edən beşinci nəsil döyüş təyyarələrini F-16 qırıcıları müşayiət edib. Tədbir Polşa vətəndaşlarına ölkənin yeni döyüş təyyarələrini ilk dəfə yaxından görmək imkanı yaradıb. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, uzun illər gözlənilən gün nəhayət gəlib və ölkə F-35 “Husarz” təyyarələrini qarşılayır.
Polşa 2020-ci ildə ABŞ ilə 32 F-35 “Lightning II” döyüş təyyarəsinin, təlim paketinin və ehtiyat mühərriklərin alınmasını nəzərdə tutan 4,6 milyard dollarlıq müqavilə imzalayıb. Müdafiə Nazirliyi yaxın aylarda daha 11 təyyarənin təhvil veriləcəyini, 2027-ci ildə isə əlavə 12 təyyarənin inventara daxil olacağını açıqlayıb. Bütün təyyarələrin 2029-cu ilə qədər çatdırılması planlaşdırılır.
Mütəxəssislər hesab edirlər ki, F-35 “Lightning II” təyyarələrinin xidmətə qəbulu Polşa Hərbi Hava Qüvvələrinin imkanlarında ciddi sıçrayış yaradacaq və NATO-nun şərq cinahında çəkindirmə qabiliyyətini gücləndirəcək.
Mərasim zamanı Polşanın F-35 parkına rəsmi olaraq “Husarz” adı verilib. Bu ad Polşa hərb tarixinin simvollarından sayılan məşhur “Qanadlı Husarlar” süvari birliklərinə istinad edir.
Polşa Müdafiə Nazirliyi F-35 parkının təxminən 2030-cu ildə tam əməliyyat hazırlığı səviyyəsinə çatacağını bildirib.
Sevinc Əliyeva
Ordu.az