Hərbi institutda “Süni intellekt” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR

2026/06/cfb99-1780745039.jpg
Oxunub: 267     15:22     06 İyun 2026    
Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin mütəxəssis heyətinin iştirakı ilə "Süni intellekt" mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçirildi.

Əvvəlcə Azərbaycan və Türkiyənin Ulu Öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, o cümlədən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.


Açılış nitqi ilə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov iştirakçıları Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyi adından salamlayaraq mövzunun böyük əhəmiyyətə malik olduğunu vurğuladı, hər iki ölkənin alimlərinin bu sahəyə gətirdiyi yeniliklərdən danışdı. Rektor müavini qeyd etdi ki, bu gün müzakirəyə çıxarılacaq mövzular olduqca mühüm və zamanın nəbzi ilə döyünən məsələlərdir.

Sonra "Süni intellekt" mövzusunda yüksək səviyyəli panel müzakirəsinin moderatoru, Bakı Hərbi Kollecinin müəllimi Törəxanım Nəsrullayeva çıxış edərək bildirdi ki, mövzu həm aktual, həm də strateji əhəmiyyətə malikdir. "Bu gün dünya yeni texnoloji inkişaf mərhələsinə qədəm qoyub. Süni intellekt yalnız gələcəyin texnologiyası deyil, dövlət idarəçiliyinin, təhsilin, iqtisadiyyatın, təhlükəsizliyin və müdafiə sahəsinin tərkib hissəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev cari ilin 11 fevral tarixində keçirilən müşavirədə qeyd etmişdir ki, süni intellektin tətbiqi, rəqəmsallaşma və innovativ texnologiyaların inkişafı ölkələrin gələcək tərəqqisini müəyyən edən əsas amillərdəndir. Bu fikirlər bir daha göstərir ki, süni intellekt məsələsi təkcə texnoloji deyil, həm də strateji əhəmiyyət daşıyan bir mövzudur".


"Bu gün süni intellektin təsiri altında müasir təhsil sistemləri yenilənir, iqtisadi münasibətlər dəyişir, təhlükəsizlik və müdafiə sahəsində yeni imkanlar yaranır. Xüsusilə hərbi sahədə pilotsuz sistemlər, kibertəhlükəsizlik və qərar qəbuletmə proseslərində süni intellektin rolu getdikcə artır", - deyə Törəxanım Nəsrullayeva qeyd etdi.

Vurğulandı ki, panelin əhəmiyyətini artıran məqamlardan biri də burada həm qardaş Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin dəyərli mütəxəssislərinin, həm də Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin mütəxəssislərinin iştirak etməsidir. Bildirildi ki, iki qardaş ölkənin təcrübə və baxışlarının mübadiləsi mövzuya daha geniş prizmadan yanaşmağa, faydalı fikir və təkliflərin səsləndirilməsinə imkan yaradacaqdır.


Sonra ətraflı müzakirə etmək məqsədilə panel iştirakçılarının "Süni intellekt" mövzusunda çıxışları dinlənildi. "Süni intellektin tətbiqi strategiyası" haqqında Milli Müdafiə Universiteti rektorunun təhsil məsələləri üzrə müşaviri Rəşad Əhmədovun, "Komanda və idarəetmə dövrəsində süni intellektdən istifadənin risklərinin qiymətləndirilməsi" mövzusunda polkovnik-leytenant Mehmet Bozkurtun, "Süni intellekt dəstəkli qərarvermə sistemləri və kollektiv zəka" mövzusunda dosent Musa Millinin çıxışları dinlənildi.

Digər panelistlər - professor Baha Şenin "Süni intellekt dəstəkli dinamik təhdid təhlili tədqiqatlarının fiziki-idrak yönümlü metodlarla həyata keçirilməsi və təhdidlər bazasının formalaşdırılması" və Milli Müdafiə Universitetinin İnformasiyalaşdırma və Texnoloji Təminat Bölməsinin rəisi mayor Cavid Allahverdiyevin "Süni intellektin texniki aspektləri" mövzusunda çıxışları maraqla qarşılandı.

Çıxışlar başa çatdıqdan sonra auditoriya tərəfindən ünvanlanan suallar panelistlər tərəfindən ətraflı cavablandırıldı.


İki qardaş ölkənin mütəxəssislərinin iştirakı ilə hərbi elm və təhsil, müasir təhlükəsizlik çağırışları, liderlik və süni intellekt sahələrində Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə keçirilən yüksək səviyyəli panel müzakirəsi xatirə fotosunun çəkdirilməsi ilə başa çatdı.

"Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-institut   Panel-müzakirəsi  


Bizi "telegram"da izləyin