Ordu.az xəbər verir ki, bu barədə “VPO Analytics” nəşri “Ermənistan-Rusiya. “Cənubi Qafqaz Dəmir Yolu”na qarşı “hücumlar” davam edəcək?” sərlövhəli məqaləsində yazıb.
Nəşrin məlumatına görə, bunun fonunda Ermənistanda Rusiyanın nəzarətində olan “Cənubi Qafqaz Dəmir Yolu”na qarşı informasiya hücumlarının davam etdirilməsi ehtimalı da gündəmə gətirilir.

Müəllif yazıb ki, Brüsseldə keçirilən görüş zamanı David Xudatyan və Abdulkadir Uraloğlu əvvəllər istifadə olunmuş dəmir yolu və avtomobil əlaqələrinin bərpasını müzakirə ediblər.
Məqalədə “Yerevanski nablyudatel” “Telegram” kanalına istinadən bildirilir ki, David Xudatyan Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərində, həmçinin Ani körpüsünə gedən yolların və girişlərin yenidən qurulması layihələrinə türk dünyası ölkələrinin və ya Türk Dövlətləri Təşkilatının cəlb olunmasını təklif edib.
“Nazirin fikrincə, belə yanaşma Ermənistanın çoxvektorlu və qarşılıqlı faydalı dialoq siyasətinə uyğundur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 25-də Qdansk şəhərində Ukraynanın bərpasına həsr olunmuş konfransda iştirakı da təsadüfi addım deyil. Bu, Rusiya hakimiyyətinə açıq siqnaldır ki, Ermənistandakı Rusiya aktivləri də Qərbdə olduğu kimi dondurula və sonradan Kiyevin sərəncamına verilə bilər”, - deyə məqalədə qeyd olunub.
Müəllifin sözlərinə görə, son aylarda Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı mənfi informasiya fonu əsasən yerli KİV-lər tərəfindən formalaşdırılır.
“Belə ki, hələ mart ayında “Cənubi Qafqaz Dəmir Yolu”nun mətbuat katibi Ruben Qrdzelyan Ermənistan televiziya kanallarından birində səsləndirilən, şirkətin guya 2008-2038-ci illərdə 2 milyard 150 milyon ABŞ dolları sərmayə yatırmalı olması barədə iddiaları təkzib etmişdi”, - deyə nəşr bildirib.
Məqalədə “Cənubi Qafqaz Dəmir Yolu”nun açıqlamasından geniş sitat da yer alıb.
“Şirkətin öhdəliklərini artıq pozduğu açıq görünür” iddiası həqiqətə uyğun deyil. Şirkət müqavilə üzrə investisiya öhdəliklərini mərhələli şəkildə tam yerinə yetirir. Əslində “Cənubi Qafqaz Dəmir Yolu”nun 2008-2038-ci illər üçün investisiya öhdəlikləri 174,5 milyard dram, yəni təxminən 500 milyon ABŞ dolları təşkil edir. Bunun artıq 145 milyard dramı sərmayə kimi yatırılıb. Bu isə investisiya proqramının 80 faizdən çoxunun artıq icra olunduğunu göstərir”, - deyə nəşr qeyd edib.
Məqalədə xatırladılır ki, “Cənubi Qafqaz Dəmir Yolu” QSC “Rusiya Dəmir Yolları” ASC-nin 100 faiz törəmə müəssisəsidir və 2008-ci ildən Ermənistanın dəmir yolu sistemini konsessiya əsasında idarə edir.
“Şirkətin 2025-ci il üzrə investisiya proqramı 2 milyard dramı ötüb və infrastrukturun modernləşdirilməsinə yönəlib. Təkcə 2024-cü ildə şirkət Ermənistanın şimalında baş vermiş daşqın nəticəsində zərər görmüş dəmir yolu sahələrinin bərpasına əlavə 2 milyon ABŞ dolları xərc çəkib”, - deyə məqalədə vurğulanıb.
Müəllif hesab edir ki, Ermənistanda vahid dəmir yolu şəbəkəsinin olmamasına görə məsuliyyət məhz “Cənubi Qafqaz Dəmir Yolu”nun üzərinə qoyulmağa çalışılır.
“Bunun nəticəsində şirkət vaxtaşırı guya investisiya öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur. Halbuki hələ 2012-ci ilin sonunda Vanadzor-Fioletovo dəmir yolu layihəsi üzrə təxminən 35 kilometrlik texniki-iqtisadi əsaslandırmanın hazırlanması sifariş edilmişdi. Sonradan isə həmin dövrdə şirkətin rəhbərliyi layihənin iqtisadi baxımdan səmərəsiz olduğunu açıqlamışdı”, - deyə nəşr bildirib.
Məqalədə qeyd olunur ki, Ermənistan hökuməti dəmir yolu şəbəkəsinin inkişaf prioritetlərini “Rusiya Dəmir Yolları” ilə razılaşdırmayıb.
“Lakin bütün məsuliyyət yalnız Rusiya tərəfinin üzərinə qoyulur ki, bu da nəqliyyat sahəsində əməkdaşlığın gələcək perspektivlərinə müsbət təsir göstərmir”, - deyə nəşr vurğulayıb.
Məqalədə xatırladılır ki, Nikol Paşinyan hələ mart ayının əvvəlində “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyasına vaxtından əvvəl xitam verilməsi ilə bağlı Rusiya tərəfi ilə işçi səviyyəsində müzakirələrin aparıldığını açıqlamışdı.
“Biz bu məsələdə müəyyən anlaşma görürük və buna görə təşəkkür edirik. Burada Rusiyaya qarşı yönəlmiş heç nə yoxdur. Sadəcə, mövcud şəraitdə Ermənistan tranzit sahəsində rəqabət üstünlüklərini itirir və ümid edirik ki, konkret həll yollarına nail olacağıq”, - deyə Paşinyanın sözləri məqalədə yer alıb.
Nəşr xatırladıb ki, Paşinyan daha əvvəl Ermənistanın ilin sonuna qədər Azərbaycan sərhədinə gedən üç dəmir yolu xəttini, o cümlədən Naxçıvanla əlaqəni, eləcə də Türkiyə sərhədinə gedən bir xətti Rusiyanın konsessiya idarəçiliyindən çıxararaq dövlət mülkiyyətinə qaytara biləcəyini də bildirmişdi.
Məqalənin sonunda vurğulanır ki, bir sıra ekspertlər Ermənistanın bu istiqamətdə başladığı müzakirələri ABŞ Prezidenti Donald Trampın administrasiyasının təşviq etdiyi və “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) adlandırılan təşəbbüslə əlaqələndirirlər.
“Onların fikrincə, Vaşinqton Ermənistan və ümumilikdə Cənubi Qafqazda Rusiyanın mövcudluğunun zəiflədilməsində maraqlıdır və bu siyasət tranzit layihələrinə də şamil olunur”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az