Britaniya Ukraynanın bərpası üçün əlavə 380 milyon dollar ayırıb

2026/01/1767513449.jpg
Oxunub: 226     16:54     25 İyun 2026    
Böyük Britaniya hökuməti Ukraynanın bərpası məqsədilə əlavə 290 milyon funt sterlinq (380 milyon dollar) vəsait ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper məlumat verib.

Yeni yardım paketi çərçivəsində Britaniyanın “Urenco” şirkəti ilə 210 milyon funt sterlinq dəyərində müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ukraynanın dövlət enerji şirkəti “Enerqoatom” üçün nüvə yanacağının tədarükü nəzərdə tutulur.

Bundan əlavə, Britaniya tərəfi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Ukraynanın bərpa olunan enerji və bank sektorundakı layihələrinə 65 milyon funta qədər vəsait ayıracaq.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, bu investisiyalar çərçivəsində iki külək elektrik stansiyasının tikintisi və “Lvov” Bankı vasitəsilə biznesə dəstək göstərilməsi planlaşdırılır.

Britaniya şirkətləri həmçinin Lvov hava limanının modernləşdirilməsində iştirak edəcəklər.

Ayrılan vəsaitin bir hissəsi Ukraynada korrupsiyaya qarşı proqramların həyata keçirilməsinə, eləcə də məhkəmə-hüquq və dövlət idarəetmə sistemlərində islahatlara yönəldiləcək.

Kuper bu barədə Qdansk şəhərində keçirilən Ukraynanın bərpasına həsr olunmuş konfransda çıxışı zamanı danışıb.

Qeyd edək ki, 2022-ci ildən etibarən Böyük Britaniyanın Ukraynanın qeyri-hərbi ehtiyacları üçün ayırdığı ümumi yardımın həcmi 5,6 milyard funt sterlinqə (7,4 milyard dollar) çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna   Bərpa  


Bizi "telegram"da izləyin