Pavel Durov Gürcüstana səfər edib, hakim partiyanın nümayəndələri ilə görüşüb

2026/06/1782412152.jpg
Oxunub: 216     22:28     25 İyun 2026    
“Telegram” platformasının təsisçisi Pavel Durov Tbilisiyə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə “Novosti-Gruziya” məlumat yayıb.

Hakim “Gürcü Arzusu” partiyasının parlament deputatı Vako Turnava Durovla birgə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.

Durovun Gürcüstana səfəri ilə bağlı məlumat bir gün əvvəl Rusiya teleqram kanallarında yayılmışdı. Lakin onun səfərinin rəsmi məqsədi hələ də açıqlanmayıb.

37 yaşlı Vako Turnava 2024-cü ildə siyasətə gəlməzdən əvvəl texnologiya sahibkarı kimi tanınıb. Onun təsis etdiyi şirkətlər elektron ödənişlər və maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərir.

Sosial şəbəkələrdə yayımlanan görüntülərə əsasən, görüşdə “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze də iştirak edib.

“Mən Pavel Durovu Tbilisidə qəbul edirəm və onu Gürcüstanın informasiya texnologiyaları sahəsində investisiya potensialı ilə tanış edirəm”, - deyə Turnava “Business Insider Georgia”ya bildirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə səfərlə bağlı sualı cavablandırarkən Durovun ölkədə şəxsi şəxs qismində olduğunu bildirib.

“Cənab Durov iş adamıdır. O, rəsmi səfər edə bilməz. Biz Gürcüstana gələn hər bir uğurlu iş adamını alqışlayırıq”, - deyə Kobaxidze vurğulayıb.

Müxalif “TV Pirveli” telekanalı Durovu “rusiyalı milyarder” adlandıraraq səfərin kriptovalyuta layihələri və “Rusiyadan qara pulların mümkün axını” ilə əlaqəli ola biləcəyini iddia edib. Bununla belə, telekanal bu ehtimalla bağlı hər hansı sübut təqdim etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Durov   Gürcüstan  


Bizi "telegram"da izləyin