Fransanın dövlət borcu COVID-19 dövrünün rekorduna yaxınlaşıb

2026/06/1782400000.jpg
Oxunub: 219     18:51     25 İyun 2026    
Fransanın dövlət borcu 2026-cı ilin birinci rübündə 2025-ci ilin dördüncü rübü ilə müqayisədə 75,6 milyard avro artaraq, ilk dəfə 3,5 trilyon avronu ötüb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin milli statistika idarəsinin iyunun 25-də dərc etdiyi məlumatlar göstərir.

Martın sonuna olan vəziyyətə görə, Fransanın dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 117,5%-nə uyğundur. 2025-ci ilin sonuna bu göstərici ÜDM-in 115,6%-ni (3,4605 trilyon avro) təşkil edirdi.

Borc yükünün səviyyəsi praktiki olaraq COVID-19 pandemiyası dövründə iqtisadiyyata genişmiqyaslı dəstək tədbirlərindən sonra 2021-ci ilin birinci rübündə qeydə alınmış rekord göstəriciyə - ÜDM-in 117,8%-nə yaxınlaşıb.

"Le Monde" nəşrinin qeyd etdiyi kimi, 1980-ci ildə Fransanın dövlət borcu ÜDM-in təxminən 20%-ni təşkil edirdi, 2000-ci ilə qədər təqribən 60%-ə qədər artıb, hazırda isə borc yükünün səviyyəsinə görə Avropa İttifaqı (Aİ) ölkələri arasında Fransa yalnız Yunanıstan və İtaliyadan geri qalır.

2025-ci ildə Fransanın dövlət sektorunun kəsiri 152,5 milyard avro və ya ÜDM-in 5,1%-ni təşkil edib.

Dövlət borcunun artımı hökumətin 2027-ci il üçün büdcə hazırlaması və kəsirinin azaldılması üzrə tədbirlər axtarışı fonunda baş verir. Daha sonra hakimiyyət orqanları büdcə vəziyyətini qiymətləndirmək üçün dövlət maliyyəsinin monitorinqi komitəsinin iclasını keçirməyi planlaşdırır.

Fransanın Hesablama Palatası xəbərdarlıq edib ki, dövlət borcunun daha da artması maliyyə bazarlarının etimadını sarsıda bilər. Onun qiymətləndirməsinə görə, 2026-cı ildə borcun həcmi 3,6 trilyon avronu ötə və ÜDM-in 118,5%-nə çata bilər, ona xidmət xərcləri isə daha yüksək borclanma dərəcələri səbəbindən 77,4 milyard avroya qədər artacaq.

"Reuters"in məlumatına görə, Hesablama Palatası həmçinin hesab edir ki, büdcə kəsirini 2029-cu ilə qədər ÜDM-in 3%-dən aşağı salmaq üçün hökumət büdcə konsolidasiyası üzrə çoxillik proqramı həyata keçirməli olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Dövlət-borcu  


Bizi "telegram"da izləyin