Ordu.az xəbər verir ki, bunu iyunun 25-də Apellyasiya Məhkəməsinin qarşısında jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan deyib.
Qeyd edək ki, erməni müxalifətçi deputat din xadimi Mikayel Srbazanın işi üzrə son məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gedib.
Onun sözlərinə görə, Mikayel Srbazan artıq bir ildir azadlıqdan məhrum edilib.
“Son aylarda qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunsa da, bu da yüksəkrütbəli din xadiminin fəaliyyəti və hərəkət azadlığı baxımından ciddi məhdudiyyətlər yaradıb. Məhkəmədə nə baş verəcəyi və hansı qərarın veriləcəyi, məncə, xüsusi şərh tələb etmir”, - deyə Abrahamyan bildirib.
Daxili siyasi proseslərə toxunan Abrahamyan qeyd edib ki, hakimiyyət seçkidən sonrakı mərhələdə müxalif qüvvələrin mümkün fəallığını neytrallaşdırmağa çalışır.
“Seçkidən sonrakı dövrün hər günü siyasi proseslər baxımından kifayət qədər vacibdir. Müxalif qüvvələr ümumi mübarizə platforması formalaşdırmağa çalışdığı halda, hakimiyyət bütün seçki prosesi ərzində fəal istifadə etdiyi dövlət resurslarından yararlanaraq bu prosesləri ya passivləşdirməyə, ya da ümumi prosesin bir hissəsinə çevrilə biləcək şəxsləri siyasi səhnədən uzaqlaşdırmağa çalışır”, - deyə o vurğulayıb.
Abrahamyanın sözlərinə görə, faktiki olaraq bütün real müxalif qüvvələrin nümayəndələri siyasi təqiblərə məruz qalırlar.
“Bu gün həmçinin David Ambartsumyanın işi üzrə hökmün elan ediləcəyi gündür. Lakin bütövlükdə müxalif düşərgəyə baxdıqda elə bir real müxalif qüvvə yoxdur ki, onun nümayəndələri və ya liderləri siyasi təqiblərə məruz qalmasın. Onların bir hissəsi məhkəmə proseslərinə cəlb olunub, bir hissəsi müxtəlif qadağalarla üzləşib, digərləri isə sözün əsl mənasında azadlıqdan məhrum edilib. Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da hazırda həbsdədir. Müxalifət nə qədər fəal addımlar atmaqda geciksə, hakimiyyətin yanaşmaları bir o qədər aqressivləşəcək və bunun təzahürlərindən biri də müxtəlif şəxslərin həbs olunması olacaq”, - deyə o əlavə edib.
Mümkün küçə mübarizəsindən danışan Abrahamyan bildirib ki, bu, konkret siyasi texnologiyalar və addımların ardıcıllığını tələb edir.
“Küçə mübarizəsi sadəcə küçəyə çıxmaq demək deyil. Mübarizə metodları var və onlar siyasi proseslər üzrə klassik yanaşmalar hesab olunur. Əgər mövcud siyasi texnologiyalara uyğun hərəkət etsən, mübarizənin effektivliyi də daha yüksək olar. Hesab etmirəm ki, istər mitinqlər, istərsə də müxtəlif aksiyalar formasında küçə mübarizəsi mütləq şəkildə tez-tez qeyd olunan risklərə gətirib çıxarmalıdır. Əlbəttə, bu cür fəaliyyətlər müəyyən siyasi risklər daşıyır, lakin yalnız həmin təhlükələri əsas götürsək, o zaman heç nə etməməli və evdə oturmalıyıq ki, bu da qəbuledilməzdir”, - deyə o bildirib.
Gümrü ətrafında baş verən proseslərə toxunan Abrahamyan bunları hakimiyyətin yürütdüyü siyasətin davamı kimi qiymətləndirib.
“Son iki ildə hakimiyyət “Vətəndaş Müqaviləsi” partiyasından olmayan bütün icma rəhbərlərini və bələdiyyə sədrlərini siyasi səhnədən uzaqlaşdırmağa və ya təcrid etməyə çalışıb. Hətta siyasi baxımdan neytral mövqe tutan şəxslər belə müxtəlif vasitələrlə, o cümlədən həbs təhdidləri ilə zərərsizləşdirilməyə çalışılıb. Gümrüdə baş verənlər əvvəldən hakimiyyətin istədiyi ssenari olmayıb və hakimiyyət uzun müddətdir orada böhran yaratmaq, daha sonra isə növbədənkənar proseslərə başlamaq istiqamətində fəaliyyət göstərir. Bu gün səsləndirilən bəyanat son aylarda baş verən proseslərin məntiqi davamıdır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az