Paşinyan fon der Lyayenin qarşıdakı səfərindən danışdı: “İxrac layihəsini yekunlaşdıracağımıza ümid edirəm”

2026/06/1782382872.jpg
Oxunub: 241     14:25     25 İyun 2026    
“Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ermənistana gözlənilən səfərinin əsas mövzularından biri Ermənistan məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı bazarına sadələşdirilmiş çıxış imkanları olacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 25-də keçirilən brifinq zamanı bildirib.

O, Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətinin gözlənilən səfərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Ermənistan xarici işlər nazirinin bu yaxınlarda Brüsseldə Avropa İttifaqının xarici işlər nazirləri şurasının iclasında iştirakı İrəvan üçün yeni imkanlar açır.

Paşinyan ticarət maneələrinin sadələşdirilməsi ilə bağlı saziş üzərində birgə işin məhz Ursula fon der Lyayenlə aparılacaq danışıqlar zamanı uğurla yekunlaşacağına ümid etdiyini bildirib.

“Ümid edirəm ki, Avropa Komissiyası ilə birlikdə bu layihəni yekun mərhələyə çatdıracağıq və İrəvana səfəri zamanı bunu birgə elan edəcəyik”, - deyə Ermənistanın baş naziri qeyd edib.

O vurğulayıb ki, ticarət güzəştləri ilə yanaşı, Avropa rəsmiləri ilə görüşlərin gündəliyinə regional logistika məsələləri və Ermənistanın qlobal marşrutlara inteqrasiyası perspektivləri də daxil ediləcək, buraya hazırda Azərbaycan və Gürcüstandan keçən Orta Dəhliz də daxildir.

Paşinyan Ermənistanın “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) konsepsiyasının potensialına diqqət çəkərək bildirib ki, Cənubi Qafqazda nəqliyyat layihələri bir-birinə zidd deyil və rəqabət aparmır.

“Yüklərin həcmi o qədər böyükdür ki, onları yalnız bir istiqamət vasitəsilə daşımaq mümkün deyil. Məhz buna görə də Cənubi Qafqazda bu axınlar üçün bir neçə marşruta ehtiyac var. Artıq Cənubi Qafqaz ölkələrinin regiona çoxsaylı ortaq maraqların mövcud olduğu vahid məkan kimi baxmasının vaxtı çatıb”, - deyə Ermənistanın baş naziri vurğulayıb.

Xatırladaq ki, Ursula fon der Lyayen iyulun 1-də yenidən Ermənistana səfər edəcək. Bu, onun ölkəyə ikinci səfəri olacaq. Avropa Komissiyasının sədrini Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos müşayiət edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin