Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti “Aİ və ABŞ-nin açıq dəstəyi belə kömək etmədi, seçkilər həm də özünəməxsus referendum idi” başlıqlı məqaləsində yazıb.
Nəşrin məlumatına görə, Ermənistan Konstitusiya Məhkəməsi yeddi siyasi qüvvənin iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətlərinə baxacaq.
“Müraciətlərdə seçkilərin və elan edilmiş nəticələrin legitim hesab oluna bilməyəcəyini göstərən çoxsaylı faktlar təqdim olunub. Bununla belə, hətta Mərkəzi Seçki Komissiyasının açıqladığı və müxalifətin şübhə altına aldığı rəsmi rəqəmlər də göstərir ki, Nikol Paşinyan və onun partiyası səslərin əksəriyyətini əldə etməyib”, - deyə məqalədə qeyd olunub.
Nəşr vurğulayıb ki, rəsmi göstəricilərə əsasən seçkilərdə iştirak edən vətəndaşların 50,2 faizi və ya təxminən 742 min seçici mövcud hakimiyyəti, onun həyata keçirdiyi siyasəti, o cümlədən xarici siyasət kursunun kəskin dəyişdirilməsi xəttini dəstəkləməyib.
“Bu vəziyyət Aİ və ABŞ-nin Nikol Paşinyana açıq dəstək verdiyi şəraitdə yaranıb. Avropalı rəsmilərin maliyyə vədləri, PR dəstəyi, müxtəlif ölkə rəhbərlərinin nümayişkaranə dəstəyi, o cümlədən Emmanuel Makronun İrəvana səfərləri, Aİ sammiti və ABŞ-dən göndərilən siyasi mesajlar hakimiyyətin gözlədiyi nəticəni verməyib”, - deyə qəzet yazıb.
Məqalədə həmçinin qeyd olunub ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Ermənistana səfəri planlaşdırılır.
“Bununla belə, fakt dəyişmir: Nikol Paşinyan erməni xalqının əksəriyyətinin dəstəyinə malik deyil. Əgər buna inzibati resurslardan geniş istifadə olunması, rəqib siyasi qüvvələr üçün qeyri-bərabər şərait yaradılması ilə bağlı iddiaları da əlavə etsək, mənzərə daha aydın görünər”, - deyə nəşr vurğulayıb.
Qəzetin fikrincə, Qərbin marağı yalnız Nikol Paşinyanın şəxsi fiquru ilə məhdudlaşmır.
“Bu seçkilər həm də Ermənistanın xarici siyasət istiqamətinin müəyyənləşdirilməsi baxımından özünəməxsus referendum idi. Bu isə o deməkdir ki, seçicilərin azı yarıdan çoxu kəskin “avropalaşma” siyasətini dəstəkləməyib. Bir çox ekspert və politoloqlar bu siyasəti qeyri-real və məntiqsiz hesab edir, Ermənistanın balanslaşdırılmış siyasət yürütməsinin daha məqsədəuyğun olduğunu bildirirlər”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az